İran xarici işlər naziri növbəti nüvə müzakirələrinin gündəmini açıqlayıb

İran xarici işlər naziri növbəti nüvə müzakirələrinin gündəmini açıqlayıb
# 17 mart 2014 08:06 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İranla “altılıq” ölkələri arasında müzakirələr davam etdiyi müddətədək daha dəqiq, incə, ciddi və çətin olacaq. Martın 18-də keçirilməsi planlaşdırılan növbəti nüvə müzakirələri də əvvəlki danışıqlarla müqayisədə daha dəqiq, incə, ciddi və çətin olacaq”.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu fikirləri İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

Onun sözlərinə görə, İran “altılıq” ölkələri ilə nüvə müzakirələrinə başlayanda razılaşmanın əldə olunması ilə bağlı heç bir planı yox idi: “Ancaq belə bir razılaşma əldə olundu”.

M.C.Zərif martın 18-də Vyanada keçirilməsi planlaşdırılan növbəti müzakirələrdə İranın nüvə proqramı ilə bağlı hansı məsələlərin əsas müzakirə mövzusu olacağını da açıqlayıb: “Ərak ağır su nüvə reaktoru, dinc məqsədli nüvə texnologiyası sahəsində beynəlxalq əməkdaşlıq, yəni Birgə Fəaliyyət Proqramındakı addımlar və “altılıq” ölkələrinin üzərlərinə düşən öhdəliklərin ikinci bəndinin dördüncü maddəsi, sanksiyaların aradan qaldırılması, o cümlədən Nüvə silahlarının istehsalı və yayılmasının qarşısının alınması Müqaviləsinə (NPT) uyğun olaraq nüvə silahlarının istehsalı və yayılması məsələləri müzakirə olunacaq. Mən Vyanada Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonla görüşəcəyəm. Danışıqlar daha sonra siyasi liderlər, həmçinin İran və “altılıq” ölkələrinin xarici işlər nazirlərinin müavinləri səviyyəsində davam etdiriləcək. Əgər danışıqlarda irəliləyiş baş verərsə, xarici işlər nazirləri səviyyəsində görüşə ehtiyac yarana və müzakirələrin səviyyəsi dəyişə bilər. Biz İranın nüvə proqramı deyil, qarşılıqlı etimad yaratmaq haqda müzakirələr aparırıq. İran nüvə proqramın, xüsusilə uranın zənginləşdirilməsi və Ərak ağır su nüvə reaktoru ilə bağlı fəaliyyətlərini davam etdirəcək. Biz İranın nüvə proqramının dinc məqsədli olacağı ilə bağlı hamını əmin etməyə hazırıq və bunu dəfələrlə bəyan etmişik. Ali dini liderin də bununla bağlı fətvası var. Biz nüvə silahının istehsalında heç bir siyasi, hərbi və təhlükəsizlik mənfəəti görmürük və bunu şəriətə zidd hesab edirik. Ümumiyyətlə, bu məsələdə həll yolunun tapılması elə də çətin deyil. Biz yalnız həll metodlarını tapmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR