İstanbul bələdiyyə başqanı: ”Sergey Sobyaninə yazdığım məktuba cavab gələn kimi Moskvaya gedəcəm”

İstanbul bələdiyyə başqanı: ”Sergey Sobyaninə yazdığım məktuba cavab gələn kimi Moskvaya gedəcəm”
# 28 iyun 2016 00:12 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə-APA. Sergey Sobyaninə yazdığım məktuba cavab gələn kimi Moskvaya gedəcəm.

APA-nın Türkiyə bürosunun məlumatına görə, bu sözləri agentliyin sualını cavablandırarkən İstanbulun bələdiyyə başqanı Kadir Topbaş deyib.

İstanbulda keçirilən mətbuat konfransında agentliyin “Keçən ilin aprelində Moskva meri Sergey Sobyanin Dünya bələdiyyələr birliyi başqanı kimi sizin bələdiyyəçilik təcrübələrinizdən faydalanmaq üçün İstanbula gəlmişdi. Hörmətli prezident Ərdoğanın Rusiya prezidenti Putinə yazdığı məktubun işığında siz Moskva və Rusiyanın digər meriyaları ilə münasibətlərinizi necə inkişaf etdirməyi düşünürsünüz?”- sualını İstanbulun bələdiyyə başqanı Kadir Topbaş bu sözlərlə cavablandırıb:

” Keçən ay Rusiya Federasiyasına bağlı Tatarıstan Muxtar Respublikasının Kazan şəhərində beynəlxalq toplantıda iştirak etdik. Oradakı görüşlərimizdə biz yerli özünü idarə orqanları olaraq hökumətlərimizin və ölkələrimizin yaxın münasibətlər içərisində olmasını dilə gətirdik. Əlbəttə ki, biz Türkiyə ilə Rusiya arasındakı münasibətlərin inkişafına tərəfdar olduğumuzu, bu sıxıntılı dönəmin heç bir ölkəyə - nə Rusiyaya nə də Türkiyəyə fayda gətirmədiyini, mövcud durumun düzəlməsini istədiyimizi vurğuladıq. 12 iyun Konstitusiya günü münasibətilə Moskvanın hörmətli merinə məktub göndərib onun İstanbula səfərinin qarşılığında mənim də Moskvaya getmək istədiyimi yazdım. Hörmətli merdən cavab alandan qısa müddət sonra Moskvaya gedəcəyəm. Çünki biz yerli özünü idarə orqanları olaraq, məhəlli diplomatiyaya və münasibətlərə çox önəm veririk və bunun da qonşuluq münasibətlərinə çox faydası olacağını bilirik”

Qeyd edək ki, İstanbul bələdiyyə başqanı Kadir Topbaş 2010-cu ilin noyabrından bəri Dünya bələdiyyələr birliyi başqanıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR