Azərbaycan ərazisi radonun yayılma xəritəsinə daxil edilib

Azərbaycan ərazisi radonun yayılma xəritəsinə daxil edilib
# 18 noyabr 2015 09:20 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan ərazisində radon qazının miqdarı ilə bağlı aparılmış tədqiqatların nəticələri “Avropanın qapalı mühitlərində radonun yayılma xəritəsi”nə daxil edilib. Geologiya və Geofizika İnstitutundan APA-ya verilən məlumata görə, Avropa Komissiyası tərəfindən tərtib olunmuş elektron xəritədə ölkəmizin də ərazisi sözügedən qazın yayılma göstəriciləri ilə əks olunur.

Yer kürəsində geniş yayılmış radon qazı normadan çox olduqda ağciyər xərçəngi törədə bilir və xəstəliyin səbəbləri sırasında siqaretdən sonra ikincidir. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) alimləri 2010-cu ildən etibarən ölkədə bu qazın yayıldığı ərazilərin müəyyən edilməsi və sağlamlığa mənfi təsir edə bilən riskinin azaldılması istiqamətində tədqiqatlar aparır.

İnstitutdan bildiriblər ki, geoloji mühitin qamma-spektrometriyası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Çingiz Əliyev, Çökmə hövzələrinin flüid dinamikası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Əkbər Feyzullayev və İsveçrənin Tətbiqi Elmlər Universitetinin (TEU) alimlərinin birgə başladıqları tədqiqatlar indiyə qədər qitənin digər ölkələri ilə də müştərək davam etdirilib.

Son 5 il ərzində İsveçrənin Milli Elm Fondunun maliyyə dəstəyi və institutun vəsaiti hesabına aparılmış tədqiqatlar nəticəsində radon qazı əsasən dağlıq ərazilərimizdəki bir sıra yaşayış binalarında normadan artıq müəyyən edilib. Bu məlumatlar əsasında 2013-cü ildə “Azərbaycan ərazisində radonun həcmi aktivlik xəritəsi” tərtib olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR