“Amrahbank” beynəlxalq mükafata layiq görülüb

“Amrahbank” beynəlxalq mükafata layiq görülüb
# 26 avqust 2014 07:54 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. İngiltərədə fəaliyyət göstərən və maliyyə məsələləri üzrə ixtisaslaşmış “Global Banking and Finance Review” nəşriyyat qrupu 2014-cü ildə “Amrahbank”ı “Mikro-, kiçik- və orta sahibkarlığa göstərilən xidmətlər üzrə Azərbaycanın ən sürətlə inkişaf edən bankı” elan edib.

Şirkətdən “APA–Economics”ə verilən məlumata görə, kiçik və orta sahibkarlıq bazarında iştirak payını möhkəmləndirmək, bu seqmentdə müştərilərinə yararlı olmaq son illərdə “Amrahbank”ın qəbul etdiyi strateji hədəflərindən biridir.

Məlumata görə, kredit strategiyası üzrə hədəflərinə yeni yanaşma nümayiş etdirən “Amrahbank” son illərdə kredit resurslarını kiçik və orta sahibkarlığın inkişafına yönəldib və bu istiqamətdə yüksək nəticələr əldə edib.

Təkcə 2013-cü ilin kredit portfelində mikro-kiçik-orta sahibkarlara verilən kreditlərin həcmi 2012-ci illə müqayisədə 2 dəfədən çox olub.

Qeyd edək ki, İngiltərədə fəaliyyət göstərən “Global Banking and Finance Review” qrupunun internet portalının illik 200 ölkədən olan 1 milyondan çox oxucusu var. Portalın statistik məlumatlarına görə il ərzində veb səhifəni 4,2 mln. nəfər nəzərdən keçirir. 2013-cü ildə Azərbaycandan portalı nəzərdən keçirənlərin sayı 4 063-ə çatıb.

1993-cü ildə təsis edilmiş “Amrahbank” Azərbaycanın ilk və aparıcı banklarından biridir. “Amrahbank” həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.

Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı 2008-ci ildən “Amrahbank”ın strateji səhmdarıdır.

Hal-hazırda bankın 22 filialı və 1 şöbəsi fəaliyyət göstərir. Bankın filiallar şəbəkəsi paytaxtla yanaşı, respublikanın Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı kimi regionlarını əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR