Bu il SKMF-nin xətti ilə sahibkarlara 47 mln. manatdan artıq güzəştli kredit verilib

Bu il SKMF-nin xətti ilə sahibkarlara 47 mln. manatdan artıq güzəştli kredit verilib
# 16 aprel 2015 11:44 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum bu gün Astara rayonunun Vaqo kəndində təşkil olunub.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, işgüzar forumda 80-ə yaxın sahibkarın iştirak edib.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu il ərzində 1570 sahibkara 47,2 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3400-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradır.

O qeyd edib ki, ümumilikdə, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 273 investisiya layihəsinin maliyyələşdirilməsinə 100,1 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarının, cins heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, çörək zavodlarının, meyvə-tərəvəz emalı, tikinti materialları, süfrə suları, mebel istehsalı müəssisələrinin, çayçılıq, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 10 700-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb.

İşgüzar forum çərçivəsində Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 67 sahibkara 646 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, arıçılıq, tərəvəzçilik, çayçılıq, kartofçuluq, quşçuluq, və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 90-dan çox yeni iş yerinin açılması mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR