AMEA-nın Dilçilik İnstitutu saytlarda aparılmış monitorinqin nəticələrini açıqlayıb

AMEA-nın Dilçilik İnstitutu saytlarda aparılmış monitorinqin nəticələrini açıqlayıb
# 13 mart 2015 10:50 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bu gün AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda ölkədə fəaliyyət göstərən saytlarda aparılmış monitorinqin nəticələri ilə bağlı mətbuat konfransı keçirilib.

APA-nın xəbərinə görə, mətbuat konfransını giriş sözü ilə İnstitutun direktoru, akademik Tofiq Hacıyev açıb.

O, çıxışında ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının yerinə yetirilməsi sahəsində görülən işlər barədə danışıb.

İnstitutun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli monitorinqlərin 4 ay müddətində aparıldığını bildirib: “Monitorinq 15-ə yaxın saytda aparılıb. Monitorinqin nəticələrinə əsasən saytlar 3 kateqoriyaya bölünüb. Birinci kateqoriyada dilin qaydalarına riayət edən peşəkar saytlar, ikinci kateqoriyada nisbətən yaxşı saytlar, üçüncü kateqoriyada isə Azərbaycan dilinin qaydalarına riayət etməyən saytlar cəmlənib. Mən bu saytların adını açıqlamaq istəmirəm. Ancaq APA və Trend informasiya agentliklərinin adını çəkmək istəyirəm. Çünki bu agentliklər həqiqətən Azərbaycan dilinin normalarına yüksək səviyyədə əməl edirlər. APA və Trend formalaşmış strukturlardır. Onlar korrektordan tutmuş yaradıcı heyətə qədər mükəmməl heyət qurublar. Dili korlayan saytlarda isə sayt rəhbəri həm redaktordur, həm dizaynerdir. Bu zaman kobud səhvlər meydana çıxır. Üçüncü kateqoriyadakı saytların rəhbərlərinə öz iradlarımızı bildirmişik. İradlarımızdan nəticə çıxarmasalar, onların adlarını institutun saytında yerləşdirəcəyik”.

Q.Məhərrəmli bu yaxınlarda yaradılacaq “Qaynar xətt”lə də bağlı məlumat verib: “İnsanlar “Qaynar xətt”ə zəng vurub offline, online və yaxud digər alınma sözlərin düzgün yazılışı, habelə müxtəlif məsələlərlə bağlı məlumat ala biləcəklər”.

Daha sonra çıxış edən institutun elmi işçisi Nəzakət Qaziyeva saytlarda yayımlanmış 1000-ə yaxın məlumatda 500-ə yaxın səhvin aşkarlandığını söyləyib: “Saytlarda leksik səhvlər 29 faiz, qrammatik səhvlər 19 faiz, üslub səhvləri 21, fonetik səhvlər isə 28 faiz təşkil edir. Fonetik səhvlərin faizi şərtidir. Fonetik səhvlər əslində leksik səhvləri də üstələyir. Habelə qoşma və bağlayıcıların yazılması problem olaraq qalmaqdadır, uzlaşma əlaqələri tez-tez pozulur. Saytlarda mənası anlaşılmayan cümlələr, əcnəbi vahidlərdən yersiz, hətta ehtiyac olmadığı halda istifadə, nitqi ağırlaşdıran təkrarlar, vulqarizmlər, sözün mənaya uyğun olmayan istifadəsi, qeyri-dəqiq ifadələr çoxluq təşkil edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR