Gürcüstanda 9 aprel qurbanları anılıb - FOTO

Gürcüstanda 9 aprel qurbanları anılıb - <span style="color: red;">FOTO
# 09 aprel 2015 10:59 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstanda 9 aprel faciəsinin 26-cı ildönümü qeyd olunur. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, gecə saat 04.00-dan başlayaraq əhali Gürcüstan parlamentinin paytaxtdakı binası qarşısında olan 9 aprel abidəsinin qarşısına gül-çiçək dəstələri qoyur, faciə qurbanlarının xatirəsini yad edir. Səhər saatlarında prezident Georgi Marqvelaşvili, sonra baş nazir İrakli Qaribaşvili, nazirlər, digər dövlət və hökumət nümayəndələri abidənin önünə əklil və gül-çiçək dəstələri qoyublar.

İ. Qaribaşvili jurnalistlərə açıqlamasında 9 aprel hadisəsini həm tarixi faciə, həm də azadlıq, müstəqillik uğrunda mübarizənin simvolu adlandırıb: “Bu insanlar qəhrəmanlıq nümunəsi göstəriblər. Mən onların xatirəsi qarşısında baş əyirəm. Onların azadlıq uğrunda mübarizə ideyası iki ildən sonra bizə müstəqillik bəxş edib”.

Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları da 9 aprel abidəsi önünə gedərək əklil və gül-çiçək dəstələri ilə faciə qurbanlarını anıblar.

Azərbaycanlıların kompakt yaşadığı Marneulidə də anım tədbirləri keçirilib.

Xatırladaq ki, 1989-cu il aprelin 9-na keçən gecə Tbilisidə sovet ordusunun müstəqillik tələb edən gürcülərin mitinqini dağıtması nəticəsində 16 nəfər ölüb. Daha sonra xəstəxanada müalicə olunan yaralılardan 3-ü ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR