Bakıda “Sabahın alimləri” II Respublika müsabiqəsi keçirilir - FOTOSESSİYA

Bakıda “Sabahın alimləri” II Respublika müsabiqəsi keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 08 fevral 2013 10:30 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bakıda Intel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində “Sabahın alimləri” II Respublika Müsabiqəsi başlayıb. APA-nın xəbərinə görə, iki gün davam edəcək müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və “Mədəd” təşkilatının birgə təşkilatçılığı ilə keçirilir. Fevralın 9-da Bakı və Sumqayıt məktəbliləri üçün keçiriləcək “Açıq qapı” tədbirində məktəblilər tədqiqat layihələrinin sərgisi ilə tanış ola biləcəklər.

Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, müsabiqədə təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Bakı və Sumqayıt şəhərlərində yerləşən ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri iştirak edir. Onun sözlərinə görə, müsabiqənin məqsədi ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri tərəfindən yerinə yetirilmiş tədqiqat layihələrinə baxış keçirilməsi və ciddi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da hər il keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisinə - Intel ISEF-ə göndərilməsidir: “Müsabiqədə 73 elmi layihə ilə 116 şagird iştirak edir. Həmin layihələrdən 37-si kollektiv, 36-sı isə fərdi şəkildə hazırlanıb. Keçən ilə nisbətən layihələrin sayı 47-dən 73-ə qədər artıb. Bakıda yerləşən məktəblərdən 34 layihə 52 şagird, Sumqayıt məktəblərindən isə 39 layihə 64 şagird müsabiqəyə buraxılıb”.

Gənclər və idman naziri Azad Rəhimov isə ölkədə belə bir müsabiqənin keçirilməsini yüksək qiymətləndirib. O bildirib ki, bu müsabiqəyə qoşulan gənclərin sayı ildən-ilə artır.

Qeyd edək ki, müsabiqə iştirakçılarına bir sıra ali məktəblər tərəfindən elmi dəstək veriləcək, şagirdlərə həmin təhsil ocaqlarının laboratoriyalarındakı müasir avadanlıqlardan istifadə etmək imkanı yaradılacaq. Müsabiqəyə elmi dəstək Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti və Qafqaz Universiteti tərəfindən verilir. Müsabiqənin qaliblərinə təşkilatçılar tərəfindən təsis edilmiş pul mükafatı, diplom və medal təqdim olunacaq. Münsiflər heyəti tərəfindən seçilən 5 şagird isə cari ilin ay ayında ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçiriləcək İntel İSEF müsabiqəsində iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR