Braziliada 28 May – Respublika Gününə həsr edilmiş mərasim keçirilib

Braziliada 28 May – Respublika Gününə həsr edilmiş mərasim keçirilib
# 29 may 2015 08:18 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Braziliyadakı Səfirliyi tərəfindən paytaxt Braziliada 28 May – Respublika Gününə həsr edilmiş təntənəli ziyafət mərasimi keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə səfir Elnur Sultanov çıxış edərək müsəlman dünyasında ilk dünyəvi demokratik respublika olan Azərbaycan Demokratik Respublikasının yaradılması və fəaliyyəti haqda danışıb, gələn ay Azərbaycanın ev sahibliyi edəcəyi Bakı-2015 Birinci Avropa Oyunları həmçinin, Azərbaycan ilə Braziliya arasında ikitərəfli əməkdaşlığın dinamik inkişafı haqqında ətraflı məlumat verib.

Sonra Braziliya Poçt Xidməti (Correios) tərəfindən “Braziliya-Azərbaycan Diplomatik Münasibətlər Seriyası” altında hazırlanmış, üzərində Azərbaycan Respublikasının Dövlət Bayrağı Meydanı və Braziliya Federativ Respublikasının Üç Hakimiyyət Meydanının fotosu olan poçt markalarının ilk buraxılışının təqdimatı keçirilib. Markalar səfir Elnur Sultanov və Braziliya Poçt Xidmətinin vitse-prezidenti Morqana Kristina Santos tərəfindən möhürlənib. Mərasimdə çıxış edən M. Santos bu markaların Azərbaycan-Braziliya dostluğuna öz töhfəsini verəcəyini qeyd edərək, hər iki ölkənin Bayraq Meydanları haqqında danışıb.

Xüsusi ilə o, Azərbaycan Respublikasının Dövlət Bayrağı Meydanındakı bayraq dirəyinin Ginnesin Rekordlar Kitabına dünyanın ən hündür bayraq dirəyi kimi düşdüyünü və bu Meydanın Azərbaycanın sosial-siyasi həyatında mühüm rol oynadığını həmçinin, gələcək nəsillər üçün tarixi əhəmiyyət kəsb etdiyi qeyd edib. Öz növbəsində səfir E. Sultanov bu layihənin həyata keçirilməsində Braziliya Poçt Xidmətinə təşəkkürünü bildirərək, bunun iki ölkə arasında əməkdaşlığın bariz nümunəsi olduğunu vurğulayıb. Sonra o, M. Santosa Bakı-2015 Birinci Avropa Oyunlarına həsr edilmiş, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən hazırlanan poçt markalarını hədiyyə edib. Tədbir zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Bayrağı Meydanının 2010-cu ilin 1 sentyabr tarixində keçirilmiş açılış mərasiminin videoyazısı nümayiş etdirilib.

Sonra Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvü, tanınmış aşpaz Ziya Şahbazov tərəfindən hazırlanan Azərbaycan milli mətbəx nümunələrinin təqdimatı keçirilib.

Tədbir zamanı, Bakı 2015 – Birinci Avropa Oyunlarına həsr edilmiş hədiyyələr paylandı və Avropa Oyunlarına aid videoçarx nümayiş etdirilib.

Sözügedən tədbirdə Braziliya Xarici Əlaqələr Nazirinin siyasi məsələlər üzrə müavini Karlos Paranyos, ticarət və mədəniyyət məsələləri üzrə müavini Hadil Vianna, Braziliya parlamentinin Deputatlar Palatasında Braziliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun Prezidenti Klaudio Kajado və digər Braziliyalı rəsmilər, ölkədə akkreditə olunmuş səfirlər və diplomatik korpusun nümayəndələri, Braziliyadakı Azərbaycan icmasının üzvləri və ölkə mətbuatının nümayəndələri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR