Düşənbədə Tacikistan-Azərbaycan biznes forumu keçirilib

Düşənbədə Tacikistan-Azərbaycan biznes forumu keçirilib
# 16 oktyabr 2014 12:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət Azərbaycan nümayəndə heyəti Tacikistanın paytaxtı Düşənbədə keçirilən İqtisadiyyat və İnvestisiya Forumunda iştirak edib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Tacikistana investisiya qoyuluşu imkanlarını təqdim etmək məqsədilə təşkil olunmuş forumda Tacikistan prezidenti Emoməli Rəhmon çıxış edib, forum çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrinə investisiya qoyuluşu imkanlarına dair plenar iclaslar keçirilib. Forumda iştirak edən Azərbaycan sahibkarlarına Tacikistanın biznes və investisiya mühitinə dair ətraflı məlumat əldə etmək, yeni biznes tərəfdaşları tapmaq və işgüzar əlaqələrini daha da genişləndirmək imkanı yaradılıb.

İqtisadiyyat və İnvestisiya Forumu çərçivəsində Tacikistan-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, maliyyə, İKT, energetika, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən 100-ə yaxın iş adamı iştirak edib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri Rüfət Məmmədov təqdimatında Azərbaycan iqtisadiyyatı, ölkəmizin biznes və investisiya, eləcə də ixrac imkanları barədə məlumat verib, biznes forumda iştirak edən iş adamlarını Azərbaycan sahibkarları ilə fəal əməkdaşlığa dəvət edib.

Tacikistanın iqtisadi inkişaf və ticarət nazirinin müavini Saidrahmon Nazriyev isə çıxışında ölkəsinin investisiya imkanları və Tacikistanda həyata keçirilən layihələr barədə danışıb, forumun iqtisadi əməkdaşlığın inkişafına, eləcə də iş adamları arasında yeni əlaqələrin qurulmasına töhfə verəcəyini bildirib.

Biznes forumda Azərbaycan sahibkarları təmsil etdikləri şirkətlər barədə təqdimatlarla çıxış edib, Tacikistan bazarına məhsul ixracı ilə bağlı maraqlarını diqqətə çatdırıblar. Tədbir iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR