Azərbaycanda işə qəbul olmaq istəyən 80 həkim müsahibədən keçir

Azərbaycanda işə qəbul olmaq istəyən 80 həkim müsahibədən keçir
# 08 aprel 2013 09:13 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsi keçirilir. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında deyib ki, aprelin 4-dən etibarən başlayan müsahibə mərhələsində test imtahanlarından uğurla keçən 80 həkim iştirak edir.

Müsahibə zamanı namizədlərin Azərbaycan Konstitusiyası, sosial gigiyena və səhiyyənin təşkili, əhalinin sağlamlığının qorunması haqqında qanun, “Həkimlərin etik davranış qaydaları”, tibb sahəsində qəbul olunan dövlət proqramları və ixtisasa uyğun qanunvericiliyə dair bilikləri yoxlanılır.

Müsahibə açıq və hər bir şəxslə fərdi qaydada 30 dəqiqəlik müddətdə aparılır. Namizədin verdiyi cavab komissiyanın hər üzvü tərəfindən 2, 3, 4 və 5 ballardan biri ilə qiymətləndirilir. Müsahibənin nəticəsinə görə ən çox 25 bal toplamaq mümkündür. Ən azı 16 bal toplamış namizəd müsahibə mərhələsini uğurla keçmiş hesab olunur. Müsahibə mərhələsi aprelin 11-də başa çatacaq və bundan sonra neçə həkimin işlə təmin olunacağı açıqlanacaq.

Qeyd edək ki, həkimlərin işə qəbulu üzrə müsabiqənin ilk mərhələsində-imtahanda 27 ixtisas üzrə keçirilən imtahanda 100 vakant yer uğrunda 150 həkim mübarizə aparıb. Onlardan 80 nəfəri I mərhələdən uğurla keçib, 70-i isə kəsilib. Zamanla yeni vakansiyalar yarandıqca ayda bir dəfə belə imtahanın keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR