Ötən il MTN-in terrorçuluq, dini və siyasi ekstremizmə qarşı həyata keçirdiyi tədbirlər barədə məlumat açıqlanıb

Ötən il MTN-in  terrorçuluq, dini və siyasi ekstremizmə qarşı həyata keçirdiyi tədbirlər barədə məlumat açıqlanıb
# 06 mart 2013 09:59 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan hökumətinin 2012-ci ilin yekunlarına dair Milli Məclisə təqdim etdiyi hesabatda bildirilib. Hesabata görə, respublikada “Eurovision 2012” mahnı müsabiqəsinin keçirilməsi ərəfəsində dinc əhali və ölkədəki əcnəbilər arasında çaşqınlıq, vahimə yaratmaq məqsədi ilə planlaşdırılan terror aktları barədə daxil olmuş məlumatlar əsasında keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində öz ölkəsinin xüsusi xidmət orqanları ilə əlaqəli olan İran vətəndaşının təşkilatçılığı ilə mütəşəkkil qrup tərəfindən Azərbaycan ərazisində qaçaq yolla gətirilərək saxlanc yerində gizlədilmiş və terror aktı törədilməsində istifadəsi nəzərdə tutulmuş silah-sursat götürülüb. 1 İran , 3 Azərbaycan vətəndaşı məsuliyyətə cəlb olunub.

Bundan başqa, 2012-ci ilin aprel-may ayları ərzində Bakı, Gəncə, Sumqayıt şəhərlərində, Zaqatala, Qax, Şəki, Qusar rayonlarında keçirilmiş antiterror əməliyyatları zamanı xüsusi təlim keçmiş və müxtəlif növ silah, döyüş sursatı, partlatıcı maddə və qurğular, həmçinin digər hərbi ləvazimatlarla təchiz edilmiş, respublikamızın bir sıra bölgələrində silsilə qarətlər, terror-təxribat aksiyaları, eləcə də, bu kimi digər cinayətlər törətmək niyyətində olan radikal dini-ekstremist qruplaşma zərərsizləşdirilib. Həmin qruplaşmanın da “Eurovision 2012” mahnı müsabiqəsi keçirildiyi günlərdə Bakı şəhərində, əsasən əcnəbilərin yerləşdiyi “Hilton” və “Abşeron” mehmanxanalarının qarşısında, bilavasitə müsabiqənin keçirildiyi “Baku Cristal Hall”da və ona yaxın yaşayış sahəsində partlayışlar törətməklə insanlar arasında qorxu və qarışıqlıq salmaq planlarının qarşısı vaxtında görülmüş qabaqlayıcı tədbirlər nəticəsində alınıb.

Keçirilmiş xüsusi əməliyyatlar nəticəsində radikal meylli dini-ekstremist qruplaşmanın 2 üzvü məhv edilib. Paytaxtda və ölkənin müxtəlif bölgələrində bu qəbildən olan şəxslərə qarşı keçirilmiş əməliyyatlar nəticəsində 58 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Əməliyyatlar zamanı MTN-in xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş 1 hərbi qulluqçusunun ölümündən sonra Azərbaycan prezidenti tərəfindən yüksək dövlət mükafatına layiq görülüb. Yaralanmış daha 5 hərbi qulluqçu və əməliyyatların keçirilməsində yüksək peşəkarlıq göstərmiş digər əməkdaşlar Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunub.

Bundan başqa, keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində xarici dövlətin maddi və ideoloji dəstəyi ilə qanunsuz dini cəmiyyət yaratmış və din pərdəsi altında kütləvi iğtişaşlar təşkil etmiş 1 nəfər Azərbaycan vətəndaşı barəsində cinayət işinin istintaqı yekunlaşdırılıb və həmin şəxs məhkəmənin hökmü ilə uzun müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Dini ekstremizmə qarşı mübarizə sahəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində radikal çıxışları və dini rejimli dövlət quruluşu təbliğ edən, eləcə də təriqətlərarası düşmənçilik salmağa cəhd etmiş 11 nəfər Azərbaycan vətəndaşı barəsində toplanmış materiallar araşdırmanın davam etdirilməsi üçün aidiyyəti üzrə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR