Vəkil: Komi rəhbəri 25 il müddətinə azadlıqdan məhrum edilə bilər

Vəkil: Komi rəhbəri 25 il müddətinə azadlıqdan məhrum edilə bilər
# 20 sentyabr 2015 03:31 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu vəkil Dmitri Aqranovski bildirib.

“Cinayət Məcəlləsinin müvafiq maddəsi 12 ildən ömürlük müddətədək cəza nəzərdə tutur. İttiham olunan şəxsin cinayətkar qrupda rəhbər olduğu sübuta yetirildikdə ona ömürlük həbs cəzası verilə bilər. Lakin bu müddəa, adətən, “qanuni oğru”lara şamil edilir. Çox güman ki, bu maddə V.Qayzerə şamil edilməyəcək”, deyə vəkil bildirib.

Onun sözlərinə görə, Komi rəhbərinə vəzifə səlahiyyətlərindən istifadə etməklə cinayətkar qrupun yaradılması maddəsi üzrə ittiham irəli sürülə bilər. Belə halda o 20 ilədək həbs cəzasına məhkum edilə bilər.

Qayzerə qarşı həmçinin dələduzluq maddəsi üzrə də ittiham irəli sürülə bilər. Belə olan halda məhkəmə onu hər iki cinayət üzrə müqəssir sayaraq 25 il həbs cəzasına məhkum edə bilər.

Ötən gün həbs edilmiş Komi rəhbəri Vyaçeslav Qayzerin iş otağında keçirilən axtarış zamanı içərisində böyük məbləğdə pulların, bahalı saat kolleksiyasının, bir neçə ofşor şirkətin sahibliyinə dair sənədlərin, habelə “Bombardier Learjet” və “Hawker 800XP” tipli təyyarələrin əldə olunmasına dair layihələrin olduğu seyf götürülüb.

Vyaçeslav Qayzer barəsində “cinayətkar qrupun yaradılması” və “dələduzluq” maddələri üzrə cinayət işi başlanıb.

Qeyd edək ki, Federal Təhlükəsizlik Xidməti və İstintaq Komitəsi bundan əvvəl Komi Respublikasının rəhbəri Vyaçeslav Qayzer, onun müavini Aleksey Çernov, Aleksey Zarubin və Valeri Veselovun rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qrupunu zərərsizləşdirib.

Qeyd edək ki, İstintaq Komitəsinin yaydığı məlumata əsasən, Vyaçeslav Qayzer, Aleksey Çernov, Aleksey Zarubin və Valeri Veselovun rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qrupunun məqsədi cinayət yolu ilə dövlət əmlakının mənimsəməsinə yönəlmiş ağır cinayətlər törətmək olub.

Məlumata əsasən, istintaqın müəyyən etdiyi cinayətlər miqyaslılığı ilə seçilərək regionlararası və beynəlxalq xarakter daşıyıb. Hazırda cinayətkar qrupun 19 rəhbər və iştirakçısı müəyyənləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR