Polad Bülbüloğlunun 70 illik yubileyi Tbilisidə qeyd olunacaq

Polad Bülbüloğlunun 70 illik yubileyi Tbilisidə qeyd olunacaq
# 13 dekabr 2014 14:12 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gələn ilin fevral ayının 21-də Gürcüstan paytaxtında Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, Azərbaycanın xalq artisti Polad Bülbüloğlunun 70 illik yubileyi ilə bağlı gecə keçiriləcək.

Bu barədə Gürcüstan mədəniyyət nazirinin məsləhətçisi Georgi Gegeçkori APA-nın Gürcüstan bürosuna açıqlamasında bildirib.

Onun sözlərinə görə, yubiley gecəsinin bütün detalları Gürcüstan və Azərbaycan mədəniyyət nazirlikləri arasında dəqiqləşdirilib: "Yubiley gecəsi Cansuq Kaxidze adına Mədəniyyət Mərkəzində keçirilməyi planlaşdırılıb. Biz tədbir çərçivəsində Tiflisdəki Mirzə Fətəli Axundov adına Mədəniyyət Muzeyinin qarşısında Azərbaycan professional musiqi sənətinin görkəmli sənətkarı Azərbaycan və gürcü xalqının da böyük oğlu Bülbülün abidəsinin də açılışına hazırlaşırıq. Bülbülün abidəsi görkəmli gürcü heykəltaraşı Qiya Caparidze tərəfindən artıq hazırlanıb. Fevralın 21-də abidənin təntənəli açılışını həyata keçirəcəyik. Biz bununla fəxr edirik."

G. Gegeçkori bildirib ki, Polad Bülbüloğlunun ad günü fevralın 4-də Moskvada qeyd olunacaq. “Gələn il fevralın 21-də isə Tbilisidə biz təntənəli yubiley gecəsində onun 70 illiyini qeyd edəcəyik. Bizim üçün Polad Bülbüloğlunun yubiley gecəsinin Tiflisdə keçirilməsi böyük hadisədir. Ümidvarıq ki, Azərbaycan Mədəniyyət Naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti də bu məclisə qatılacaq”, - deyə nazirin məsləhətçisi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR