İƏT ölkələri nazirlərinin Bakıda keçirilən sessiyasında İKGF-nin təşəbbüsü qəbul edilib

İƏT ölkələri nazirlərinin Bakıda keçirilən sessiyasında İKGF-nin təşəbbüsü qəbul edilib
# 26 aprel 2013 09:21 (UTC +04:00)

Bakı-APA. İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Əmək və Sosial Müdafiə Nazirlərinin Bakıda keçirilən 2-ci sessiyasında İslam Konfransı Gənclər Forumunun (İKGF) təşəbbüsü qəbul edilib.

İKGF ofisindən APA-ya verilən xəbərə görə, Forumun İstanbul ofisinin nümayəndəsi və sessiyada nümayəndə heyətinin rəhbəri Elməddin Mehdiyev sessiyanın sonunda qəbul olunan yekun kommünikeyə, İKGF-nin təşəbbüsü ilə İƏT ölkələrində texniki peşə məktəblərinin sayının və keyfiyyətinin artırılması ilə bağlı bənd əlavə edildiyini bildirib. Təşəbbüsün əsas məqsədi mühəndislik və maşınqayırma sahəsində yeni kadrların hazırlanması yolu ilə sözügedən ölkələrdə iqtisadi artıma və işsizliyin qismən aradan qaldırılmasına nail olmaqdır.

Qeyd olunub ki, son dövrlərdə müsəlman ölkələrinin işsizliklə bağlı üzləşdiyi problemlərdən biri əmək bazarında ali təhsil alanların sayının vakansiya yerləri sayını keçməsi, bununla da onlar arasında işsizliyin artması və əksinə, orta texniki peşə təhsili olan gənclərin sayının əmək bazarının ehtiyaclarını ödəməməsidir. Belə ki, işə götürən şirkətlər çox zaman texniki sahədə lazımi mütəxəssisləri tapmaqda çətinlik çəkirlər.

Kommünikenin bəhs edilən bəndində İslam İnkişaf Bankı və İslam Ticarət və Sənaye Palatasından bu təşəbbüsə dəstək göstərilməsi xahiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR