Kazanda “Turkvision-2014” mahnı müsabiqəsi təqdim edilib

Kazanda “Turkvision-2014” mahnı müsabiqəsi təqdim edilib
# 22 iyul 2014 11:34 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tatarıstanın paytaxtındakı “Kazan” Milli Mədəniyyət Mərkəzində türkdilli ifaçıların II beynəlxalq “Turkvision-2014” televiziya mahnı müsabiqəsi təqdim edilib.

APA-nın xəbərinə görə, Tatarıstanın mədəniyyət naziri Ayrat Sibaqatullun tədbiri açaraq qeyd edib ki, cari ildə Kazanın türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi çox mühüm faktdır, çünki 2014-cü il həm də Rusiyada Mədəniyyət ili elan edilib. Sonra nazir Tatarıstanın baş naziri İldar Xalikovun təbrikini oxuyub.

Tatarıstan Dövlət Şurasının deputatı, respublikanın xalq şairi, Tatarıstan Dövlət Şurasının Mədəniyyət, elm, təhsil və milli məsələlər komitəsinin sədri Razil Valeyev bu festivalın Kazanda keçirilməsi ideyasının onun rəhbərlik etdiyi komitənin üzvləri tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmasından söhbət açıb.

Respublika mətbuat və kütləvi kommunikasiyalar agentliyi rəhbərinin birinci müavini Nuriyyə Belomoina deyib ki, müsabiqə təkcə incəsənət festivalı deyil: “Biz informasiya mübadiləsi aparmaqla ilk növbədə beynəlxalq əlaqələri inkişaf etdirir, hər bir xalqın mədəniyyətini və incəsənətini populyarlaşdırırıq. Bununla da ortaq köklərlə bağlı olan müxtəlif xalqları, müxtəlif millətləri təmsil edən insanları birləşdiririk”.

Festivalın əsas təşkilatçısı olan “TMB TV” telekanalı ilə milli və regional telekanallar arasında saziş imzalanıb. Həmin sazişə əsasən, milli və regional telekanallar yerlərdə seçim turları keçirəcək və müsabiqəni birbaşa efirdə translyasiya edəcəklər. Tatarıstan adından sazişi “Maydan” musiqili telekanalının direktoru Dəmir Davletşin imzalayıb. Sonra Azərbaycan, Qırğız Respublikası, Başkortostan, İraq, Qazaxıstan, Kipr, Krım, Moldova, Rusiya Federasiyası, Türkiyə, habelə Rusiya Federasiyasının Xakasiya və Qaraçay-Çərkəz telekanallarının nümayəndələri də sazişi imzalayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR