"Bu il keçirilən II "İmagine Avro Tolerantlıq Festivalı"nın əsas məqsədi bizi birləşdirən dəyərləri inkişaf etdirməkdir".
APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin səfiri Kestutis Yankauskas deyib.
Həmin dəyərlərə multikulturalizm və tolerantlığın aid olduğunu vurğulayan səfir bildirib ki, Avropa İttifaqı bu dəyərləri alqışlayır və Azərbaycan da buna ənənəyə sadiqdir: "Bu il "İmagine" festivalına təkcə Aİ ölkələri deyil, eləcə də üzv olmayan ölkələr qoşulub. Həmin ölkələrin də burada sərgiləri, filmləri nümayiş olunacaq. Festivalda 38 film nümayiş ediləcək. Bu rəqəm ötən ildən çoxdur".
Bu il Aİ-nin Azərbaycan nümayəndəliyinin fəaliyyətə başlamasının 10 illiyinin qeyd edildiyini xatırladan K. Yankauskas deyib ki, bununla bağlı mayın 7-də "Avropa Günü" adlı konsert təşkil ediləcək: "Builki festival ötən il keçirilən festivaldan elə də fərqlənmir. Sadəcə bu il daha çox iştirakçı, daha çox film nümayişi olacaq. Keçən il çox uğurlu keçdi. Bu il isə daha yaxşı filmlər nümayiş ediləcək. Düşünürəm ki, keyfiyyəti yüksək olacaq. Məncə, “İmagine” festivalı Azərbaycanda artıq bir ənənəyə çevrilib və onun yenidən keçirilməməsi üçün səbəb görmürəm".