Məhkəmə icraçıları “Azad Gənclik” Təşkilatının rəhbəri Ülvi Həsənlini məhkəməyə verib

Məhkəmə icraçıları “Azad Gənclik” Təşkilatının rəhbəri Ülvi Həsənlini məhkəməyə verib
# 15 fevral 2013 14:38 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Ədliyyə Nazirliyinin Məhkəmə İcraçıları Baş İdarəsinin Nizami rayon şöbəsi “Azad Gənclik” Təşkilatının rəhbəri Ülvi Həsənlini cərimənin məcburi ödənilməsi ilə bağlı məhkəməyə verib.

Ü.Həsənlinin vəkili İntiqam Əliyevin APA-ya verdiyi məlumata görə, hazırda iş məhkəmədə baxılma ərəfəsindədir: “24 saat ərzində məhkəmə buna baxmalıdır. Çünki həm kompüter, həm də mobil telefon Ülvi Həsənliyə məxsus deyil. Layihə çərçivəsində beynəlxalq təşkilatların biri tərəfindən istifadə üçün ona verilən kompüterdir”.

Vəkil məhkəmədən icraçıların hərəkətlərinin qanunsuz olması haqda qərar çıxaracağına ümid etdiyini də deyib: “Məhkəmə qərarlarını icra etməməyə görə həm inzibati, həm də cinayət məsuliyyəti var. İlkin olaraq cərimə və ya inzibati həbs, sonrakı mərhələdə ictimai işlər, daha sonra isə cinayət məsuliyyəti tətbiq oluna bilər. Amma sanksiyaya məruz qalanlardan bir qrupu - Zaur Qurbanlı, Turqut Qəmbər, Tural Abbaslı, Rəşad Həsənov, Ülvi Həsənli, Əbülfəz Qurbanlı, Xədicə İsmayıl, Gözəl Bayramlı, Cəmil Hacıyev, Ziya Bayramov və başqaları cərimələri ödəməyəcəklərini bəyan etməklə vətəndaş itaətsizliyi kampaniyasına başlayıblar”.

Qeyd edək ki, Ü.Həsənli yanvarın 12-də paytaxtda keçirilən “Əsgər ölümlərinə son” aksiyasında iştirak zamanı saxlanılıb. Məhkəmə onun hərəkətlərini ictimai asayişin pozulması kimi dəyərləndirərək, 600 manat məbləğində cərimə kəsib. Bu gün isə Ü.Həsənli Ədliyyə Nazirliyinin Məhkəmə İcraçıları Baş İdarəsinin Nizami rayon şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Şöbədə onunla bağlı məcburi icraatın başlanması haqda qərar çıxararaq, “hp” markalı kompyuter və “Blackberry” modelli mobil telefon müsadirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR