Parisdə Azərbaycandakı məcburi köçkünlərə həsr olunmuş sənədli film nümayiş etdirilib - FOTO

Parisdə Azərbaycandakı məcburi köçkünlərə həsr olunmuş sənədli film nümayiş etdirilib - <span style="color: red;">FOTO
# 13 aprel 2013 09:20 (UTC +04:00)

AAC-dan APA-ya verilən məlumata görə, film «L’Europe autour de l’Europe» (Avropa ətrafında Avropa) festivalı çərçivəsində nümayiş olunub.

13 mart-14 aprel tarixləri arasında Parisin müxtəlif rayonlarında keçirilən festivalda Avropa kinematoqrafçılarının 65-dən çox bədii, sənədli, qısametrajlı, animasiya və eksperimental filmlərinin baxışı təşkil olunub.

Tədbirdə kino xadimləri ilə yanaşı, Fransa Milli Assembleyasının üzvü, Fransa-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Tyeri Mariani , ictimai xadimlər və tarixçilər də iştirak edib.

AAC-nin Fransa ofisinin rəhbəri Eliza Piter giriş nitqində festival təşkilatçılarına minnətdarlığını bildirərək belə tədbirlərin Avropa mədəniyyətinin müxtəlifliyinin təbliğində əhəmiyyətli rol oynadığını vurğulaнıи. O, Dağlıq Qarabağ münaqişəsi zamanı evlərini tərk etməyə məcbur edilən və münaqişənin beynəlxalq həllini tapa bilmədiyi üçün hələ də doğma yurdlarına qayıda bilməyən Azərbaycandakı məcburi köçkünlərin acı taleyindən bəhs edib.

Daha sonra E. Piter tədbirdə iştirak etmək üçün Azərbaycandan gələn, filmin icraçı prodüseri, Azərbaycan Yazıçılar Birliyinin Katibi və Pen-klubun prezidenti, yazıçı Çingiz Abdullayevi auditoriyaya təqdim edib.

Filmin nümayişindən sonra festivalın direktoru İrena Bilic vurğulayıb ki, filmin rejissorları mürəkkəb məqamları bədii ifadələrlə təqdim etməyə çalışıb və belə filmləri geniş auditoriyaya nümayiş etdirmək çox vacibdir.

Çingiz Abdullayev İ. Bilicin dediklərinə şərik çıxaraq qeyd edib ki, dünyada milyonlarla insan öz ölkəsində məcburi köçkün vəziyyətində yaşayır: «Biz tez-tez qaçqınlar haqqında filmlərə baxır, məqalələr oxuyuruq. Amma bəzən ekstremal şəraitdə yaşayan məcburi köçkünlərə daha az diqqət ayrılır. Bu filmlə mən Azərbaycandakı məcburi köçkünlərin vəziyyətini işıqlandırmağa çalışdım”.

O, tədbirin təşkilatçılarına minnətdarlığını bildirərək, bu filmi digər festivallarda da görmək istədiyini deyib.

Daha sonra Ç. Abdullayev film, rejissorların seçimi və Azərbaycandakı məcburi köçkünlərin hazırkı vəziyyəti haqqında verilən sualları cavablandırıb.

Tədbirdə məlumat verilib ki, «The Waiting» filmi 1988-94-cü illərdə baş verən Ermənistan-Azərbaycan münaqişəsi zamanı Dağlıq Qarabağ və 7 ətraf rayondan doğma yurdlarını tərk etməyə məcbur edilmiş azərbaycanlı məcburi köçkünlərdən bəhs edir. Minlərlə insanın ölümünə səbəb olan bu münaqişənin ardından 600 mindən çox azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycan hazırda dünyada ən çox məcburi köçkünü olan ölkələr sırasındadır. Sənədli filmi bir gün öz evlərinə qayıtmaq ümidi ilə yaşayan insanların koloritli və cazibəli portretini yaradır.

Film haqqında əlavə məlumat və fraqment aşağıdakı ünvanda yerləşdirilib: www.thewaitingfilm.com/fr

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR