“Bakı simfoniyası” kitab-albomunun təqdimat mərasimi keçirilib

“Bakı simfoniyası” kitab-albomunun təqdimat mərasimi keçirilib
# 05 iyun 2015 19:05 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Bakı simfoniyası” kitab-albomunun təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, Xarici İşlər, Mədəniyyət və Turizm nazirlikləri, “Paşa Həyat Sığorta” şirkətinin təşkilatçılığı və “Silk Way” şirkətinin dəstəyi ilə “İRS Publishing House” tərəfindən hazırlanan kitab Bakının mədəni irsinə həsr edilib.

Kitab-albomun baş redaktoru Musa Mərcanlı bildirib ki, “İrs” seriyasından kitablar iki il əvvəl nəşrə başlayıb. Kitabın meydana gəlməsində Azərbaycan jurnalistlərinin, fotojurnalistlərinin böyük əməyi olub: “Kitabın bir hissəsi ilk Avropa Oyunlarına həsr olunub. Yeni nəşr Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərində də çap olunub. İnanıram ki, kitab Bakıya gələnlər üçün yaxşı bələdçi rolunu oynayacaq”.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd edib ki, Azərbaycanı tanıdan nəşrlərin böyük əhəmiyyəti var: “Bu kitab Bakı şəhərinə yeni nəzər nöqtəsindən baxmağa imkan verir. Bizim memarlığımız da simfoniyaya bənzəyir. Bu kitab qonaqlarımıza bu simfoniyanın, Bakının memarlığının incəliklərini çatdırır. Bu silsilədən hər bir nəşr qeyd etdiyim incəliklərlə fərqlənir. Belə bir dəstək öz şəhərinə, keçmişinə, bu gününə hörmət əlamətidir. “Bakı-2015” ərəfəsində bu cür kitabın təqdim olunması bir daha təsdiq edir ki, Bakı dünyanın ən nüfuzlu tədbirlərini keçirməyə hazırdır”.

Tədbirdə “Silk Way travel şirkətinin rəsmisi Şirzad Əfəndiyev, Xarici İşlər Nazirliyinin nümayəndəsi Cavanşir Məmmədov, “Paşa Həyat Sırğorta”nın idarə heyətinin sədri Mürsəl Rüstəmov və başqaları nəşrin əhəmiyyətindən danışıblar.

Qeyd edək ki, kitab-albom “Ön söz”, “Uvertüra”, “Alleqro”, “Adajio”, “Koda” hissələrindən ibarətdir. Layihənin rəhbəri, baş redaktor Musa Mərcanlı, şef-redaktor Andrey Vasilyev, baş rəssam Sergey Dyakov, baş fotoqraf Sergey Kivrindir. Məsləhətçi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nəşrin koordinatorları Mürsəl Rüstəmov, Könül Cəfərova, Eldar Hacıyevdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR