Azərbaycan 2014-2018-ci illəri əhatə edəcək yeni regional Dövlət Proqramı hazırlayır

Azərbaycan 2014-2018-ci illəri əhatə edəcək yeni regional Dövlət Proqramı hazırlayır
# 05 mart 2013 15:35 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Neftçalada Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə dövlət başçısı tərəfindən «Azərbaycan regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda verilmiş tapşırıqların icrasına həsr olunmuş tədbir keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Aran iqtisadi rayonu üzrə yerli icra hakimiyyətlərinin, İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) nümayəndələri və sahibkarlar iştirak edib.

Tədbirdə çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ölkədə davamlı iqtisadi inkişafın təmin edildiyini, yeni müəssisələrin və iş yerlərinin yaradıldığını, əhalinin həyata səviyyəsinin yüksəldiyini vurğulayıb və qeyd edib ki, prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş «Azərbaycan regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda dövlət başçısı proqramın icrasının 2013-cü ilin sonuna qədər tam və keyfiyyətli icrasının təmin olunması məqsədilə dövlət qurumları, o cümlədən İqtisadi İnkişaf Nazirliyi qarşısında mühüm vəzifələr müəyyənləşdirib: «Ölkə başçısı çıxışında infrastruktur layihələrinin, xüsusilə bütün kənd yollarının əsaslı təmiri və yeni yolların tikintisi, su və kanalizasiya sahəsində layihələrin həyata keçirilməsi, çaylar boyu kəndlərdə modul tipli sutəmizləyici qurğuların quraşdırılması, meliorasiya işlərinin, su anbarlarının tikintisinin davam etdirilməsi, əhalinin qaz və elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması, o cümlədən alternativ enerji mənbələrindən – günəş-külək enerjisindən daha geniş istifadəni, çaylarda kiçik həcmli su elektrik stansiyalarının tikintisinin davam etdirilməsini prioritet kimi müəyyənləşdirib. Qeyri-neft sektorunun inkişafı, o cümlədən iri taxılçılıq, müasir heyvandarlıq və südçülük təsərrüfatlarının yaradılması, meliorasiya işlərinin diqqətdə saxlanılması, mal-qaranın cinsinin yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi də əsas istiqamətlər kimi müəyyən edilib. Bu vəzifələrin icrası iqtisadi inkişafın daha da sürətlənməsinə, regionlarda mövcud problemlərin köklü surətdə həll olunmasına, məşğulluğun artırılmasına səbəb olacaq».

Nazir müavini çıxışında hazırda yerli və mərkəzi icra hakimiyyətlərinin təklifləri əsasında 2014-2018-ci illəri əhatə edəcək yeni regional Dövlət Proqramının hazırlandığını qeyd edib.

İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə regionların, eyni zamanda qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi üçün elmi araşdırmaların zəruriliyini qeyd edib, bu sahədə həyata keçirilən tədqiqat işlərinin istehsalata tətbiqinin səmərəliliyi barədə məlumat verib.

ASK prezidenti Məmməd Musayev isə çıxışında ölkənin dinamik iqtisadi inkişafında, dövlət proqramlarından irəli gələn vəzifələrin icrasında və sosial məsələlərin həllində sahibkarların yaxından iştirak etdiyini bildirib, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi və ixracyönümlü məhsul istehsalına nail olmaq üçün sahibkarların işgüzar fəallığının artırılmasının zəruriliyini vurğulayıb.

İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov çıxışında ölkə iqtisadiyyatında və yeni müəssisələrin yaranmasında, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yüksəldilməsində Dövlət Proqramının icrasının mühüm əhəmiyyət kəsb etdiyini və qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün mövcud potensialdan daha səmərəli istifadə edilməsini diqqətə çatdırıb.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov və Xarici ticarət siyasəti və ÜTT şöbəsinin müdiri Bəxtiyar Alışov çıxışlarında «Azərbaycan regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nda Aran iqtisadi rayonu, o cümlədən Neftçala rayonu üzrə sahibkarlığın prioritet inkişaf istiqamətləri və milli istehsalçıların xarici bazarlara çıxış imkanları barədə məlumat veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR