“Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilib

“Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilib
# 18 avqust 2015 07:05 (UTC +04:00)

Bakı-APA. IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə layihəsi olan “Uşaqlar üçün ekoloji laboratoriya” çərçivəsində IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində 6-12 yaşlarında olan uşaqlar üçün tullantılar və onların təkrar emalı mövzusuna həsr olunmuş növbəti təlim keçirilib.

APA-nın xəbərinə görə, təlim zamanı uşaqlara tullantılar və onların təkrar emalı prosesi, bu prosesin planet, xüsusilə də canlı aləm üçün nə qədər mühüm əhəmiyyət kəsb etməsi haqqında məlumat çatdırılıb. “Kiçik ekoloqlar”, həmçinin tullantıların çeşidlənməsi, azaldılması və təkrar istifadəsi yolları ilə də tanış olublar.

Bundan əlavə, gənc təbiətsevərlər əyləncəli bilik yarışmalarında, bir sıra sınaqların keçirilməsində iştirak edib, süd qutusundan və plastik butulkadan özlərinin quş yuvalarını düzəltməklə istifadə olunmuş müxtəlif materiallardan ətraf mühitə yararlı yeni əşyalar hazırlamağı öyrəniblər.

Daha sonra, “Eko laboratoriya”nın iştirakçılarına nümayiş olunan IDEA-nın plastik butulkadan təkrar emal nəticəsində hazırlanmış bel çantası həm valideynlərin, həm də uşaqların böyük marağına səbəb olub.

IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunan sayca səkkizinci təlim olan avqust laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də ətraf mühitin mühafizəsində vacib amillərdən hesab olunan tullantıların azaldılması və təkrar emalı proseslərini kiçik yaşlardan öyrənmələri baxımından mühüm töhfə verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR