Əli Əhmədov: “Hökumət ucuz mənzillərin tikintisini stimullaşdırmalıdır”

Əli Əhmədov: “Hökumət ucuz mənzillərin tikintisini stimullaşdırmalıdır”
# 15 mart 2013 12:11 (UTC +04:00)

Bakı. Mübariz Aslanov-APA. Milli Məclisin bu gün keçirilən iclasında hökumətin ötən ildəki fəaliyyəti tənqid olunub.

APA-nın məlumatına görə, müzakirələr zamanı çıxış edən deputat İqbal Ağazadə deyib ki, bu gün Azərbaycanda gündəlik hər insanının rasionuna 8 qram ət düşür. Deputat bunun hökumətin hesabatında da yer aldığını xatırladıb: “Dövlət sahibkarlığın inkişafına xüsusi diqqət ayırmalıdır. Hökumət gələcəkdə kataklizmlərlə üzləşməmək üçün ciddi doktrina ortaya qoymalıdır”.

İ. Ağazadə hökumət üzvlərinin tam tərkibdə hesabat verməli olduğunu söyləyib: “Bu gün Azərbaycanda insan haqları ilə bağlı beynəlxalq təşkilatları narahat edən məsələlər hökumətin hesabatına niyə yoxdur? Hökumət bilavasitə ortaya çıxan suallara cavab verməlidir. Ordu ilə bağlı suallara da hökumət üzvləri bu gün parlamentdə cavab verilməli idi. Yaxud Bakı Şəhər İcra Hakimiyyəti aksiyalar keçirmək üçün hansı yerləri müəyyənləşdirdi ki, müxalifət orada aksiya keçirmədi? Bakı Şəhər İcra Hakimiyyəti yalnız Bayıldakı 20-ci sahəni göstərir”.

Deputat Fazil Mustafa ötən il ərzində insanların rifahında çox az şeyin dəyişdiyini bildirib: “Ötən dövrdə arı-ayrı məmurların fəaliyyəti nəticəsində sahibkarların fəaliyyəti üçün şərait pisləşdi ”. F. Mustafa son vaxtlar gənclərin problemlərinin həlli istiqamətində addımlar atıldığını, Gənclər Fondu yaradıldığını xatırladıb: “Ancaq ipoteka şərtləri ağırdır. 20 min manatları olsa idi, elə gənclər özlərinə ev tikərdilər. İpoteka kreditlərinin 8 faizlə verilməsi çoxdur. Həkimin maaşı 200 manatdır, Səudiyyə Ərəbistanında bu, 5 min manatdır. Azərbaycanda həkimlərin rüşvətlə bağlı ilişdirilməsi üçün kampaniyalar da keçirir, bu işə jurnalistləri də cəlb edirlər. Ölkədə islahat aparmaq imitasyiasından əl çəkmək lazımdır. Ölkədə səhiyyə sahəsində ciddi islahatlar aparılmalıdır. Uşaqların çoxu sidik kisəsində problemlə dünyaya gəlir. Bu, bahalı müalicədir, xaricdə mümkün olur. İnsanlar Heydər Əliyev Fonduna müraciət edir. Ancaq Fondun da imkanları hamıya yardım etməyə çatmır. Bunun üçün ölkədə xüsusi fond yaradılmalıdır”.

YAP sədrinin müavini, deputat Əli Əhmədov isə hökumətin fəaliyyətini tənqid edən deputatlara cavab olaraq bildirib ki, son illərdə müşahidə olunan inkişaf tendensiyası 2012-ci ildə də uğurla davam edib. Ə. Əhmədov deyib ki, insanların pul gəlirləri artdıqca tələbatları da sürətlə artır: “İnsanlar artıq yaxşı avtomobillər, evlər istəyir. Bu da rifah halının yaxşılaşması ilə bağlıdır. Ona görə də bir sıra sahələrdə çalışanlarla digər sahələrdə çalışanların əmək haqları arasında fərqlər yaranır. Bu da təbəqələşmə, qütbləşmə riskləri yaradır. Büdcədən maliyyələşən təşkilatlarda əmək haqqının nisbətən geriyə qalması riskləri yaranır. Xüsusən də buraya müəllimləri, həkimləri, elmi işçiləri, kiçik məmurları, pensiyaçıları aid etmək olar. Hesab edirəm ki, hökumətin qarşısında duran başlıca vəzifələrdən biri bu kateqoriyadan olan insanların əmək haqlarının artırılmasından ibarət olmalıdır. Həm də artım metodikasının da təkmilləşdirilməsinə ehtiyac var. Hökumət ucuz mənzillərin tikintisini stimullaşdırmalıdır. İkincisi, uzunmüddətli və sərfəli kreditlərin verilməsi ilə aztəminatlı əhalinin vəziyyətinin yaxşılaşdırılması mümkündür. Uşaq evlərində böyüyən qızların 18 yaşdan sonra yaşamalar üçün yataqxanalar tikmək, istehsal sahələri yaratmaq olar. Onları taleyin hökmünə buraxmaq olmaz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR