Demokratiyaya Yardım Fondunun təqdimat mərasimi keçirilib

Demokratiyaya Yardım Fondunun təqdimat mərasimi keçirilib
# 06 mart 2013 13:56 (UTC +04:00)

Bakı. Ramil Məmmədli-APA. Bir qrup müxalifət partiyalarının gənclər təşkilatlarının təşəbbüsü ilə təsis olunan Demokratiyaya Yardım Fondunun təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında keçirilən toplantıda “Azad Gənclik” təşkilatının sədri Ülvi Həsənli, AXCP Gənclər Komitəsinin üzvü Nihad Hüseyn, Müsavat Partiyası başqanının gənclərlə iş üzrə müşaviri Rüfət Hacıbəyli və digər gənclər təşkilatlarının fəalları çıxış edərək, bu il yanvarın 12-də keçirilən aksiya zamanı bir qrup gəncin cərimələndiyini xatırladıb, bununla bağlı keçirilmiş “5 qəpik” kampaniyasının effektivliyini vurğulayıb, “Azərbaycan saatı” verilişinin maliyyə probleminin aradan qaldırılması üçün mərkəzləşdirilmiş quruma ehtiyacın olduğunu qeyd ediblər.

Çıxış edənlər fondun bu məqsədlə təsis olunmasının əhəmiyyətini də danışıblar.

Müsavat başqanı İsa Qəmbər çıxışında gənclərin cərimələrinin ödənilməsi üçün həyata keçirilən “5 qəpik” kampaniyasını uğurlu adlandırıb.

AXCP sədri Əli Kərimli bildirib ki, düzgün təşkilatlanma problemlərin tez bir zamanda həllinə səbəb ola bilər: “Məhrumiyyətləri və uğurları bölüşərək mübarizə aparmalıyıq. Əgər mitinqə çıxa bilmirsənsə, prosesin ağırlığını üzərinə götürə bilmirsənsə, o zaman prosesə bu şəkildə dəstək verməlisən”.


Müsavat başqanının müavini Qubad İbadoğlu, VHP Siyasi Şurasının üzvü Arif İsmayılov və digərləri də çıxışlarında fondun yaradılmasının əhəmiyyətindən danışıblar.

Tədbirdə bildirilib ki, fondun dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR