I rübdə AÇG yataqlar blokundan SOCAR-a 1,2 mlrd. kubmetr səmt qazı verilib

I rübdə AÇG yataqlar blokundan SOCAR-a 1,2 mlrd. kubmetr səmt qazı verilib
# 13 may 2015 15:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin birinci rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları” vasitəsilə gündə orta hesabla 13,6 mln. kubmetr, ümumilikdə isə 1,2 milyard kubmetr səmt qazı verilib.

“BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

AÇG və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln. barel neft və “Şahdəniz” qazı üçün təqribən 29,5 mln. standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 mln. standart kubmetr təşkil edir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

Bu ilin birinci rübü ərzində terminal 79,2 mln. barel neft və kondensat, o cümlədən təqribən 69 mln. Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 8 mln. bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu (QİBK), təqribən 1,6 mln. barel dəmir yolu vasitəsilə və 0,5 mln. barel kondensat ixrac kəməri vasitəsilə ixrac edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR