“Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” hesabat tədbiri keçirilib

“Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” hesabat tədbiri keçirilib
# 14 iyul 2016 11:50 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Təhsil Nazirliyinin “Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” adlı hesabat tədbiri keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, ali məktəblərin rektorları, QHT təmsilçiləri və KİV nümayəndələri iştirak ediblər.

Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev təhsilin keyfiyyətinin yüksəldilməsi və əhatəliliyi ilə bağlı təqdimatla çıxış edib. Buraxılış imtahanlarının nəticələrinin ildən-ilə yaxşılaşdığını deyən E.Əmrullayev bildirib ki, 2012-ci il ilə müqayisədə bütün fənlərdən müsbət qiymət alanların faiz göstəricisi 17 faiz artıb. E. Əmrullayev qeyd edib ki, son 3 ildə IX sinif buraxılış imtahanlarında bütün fənlərdən müsbət qiymət alan məzunların sayı 14615 (30 faiz) nəfər artıb. Ölkə üzrə əksər rayonlarda müsbət dinamika müşahidə edilməklə yanaşı, ən yüksək dinamika Təhsil Nazirliyinin pilot qaydada inkişaf tədbirləri keçirildiyi rayonlarda qeydə alınıb. Pilot rayonlarda orta hesabla 13 faiz, digər rayonlarda isə orta hesabla 1.6 faiz yaxşılaşma olduğunu deyən E. Əmrullayev ən yüksək müsbət dinamikanın Astara (22 faiz), Ağcabədi (16 faiz), Sabirabad (14 faiz), Masallı (11 faiz) və Cəlilabad (9 faiz) rayonlarında müşahidə edildiyini bildirib.

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən işlərin önəmini qeyd edib, aparılan islahatların artıq müsbət nəticələrinin müşahidə olunduğunu deyib.

Tədbir qapalı şəkildə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR