Azərbaycanda Mərkəzləşdirilmiş Kredit Reyestrinə göndərilən edilən sorğuların sayı kəskin artıb

Azərbaycanda Mərkəzləşdirilmiş Kredit Reyestrinə göndərilən edilən sorğuların sayı kəskin artıb
# 01 may 2013 11:38 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-mart aylarının yekununda Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Mərkəzləşdirilmiş Kredit Reyestrində (MKR) 1 632 119 borcalan və 580 929 zamin haqqında məlumat toplanıb. «APA-Economics»in məlumatına görə, bu barədə MKR-in I rübün nəticələri ilə bağlı açıqladığı hesabatda bildirilir.

Hesabat dövründə MKR-in xidmətlərindən 43 bank və 22 bank olmayan kredit təşkilatı (BOKT) istifadə edib, reyestrdə 429 385, o cümlədən banklar və BOKT-lar tərəfindən 428 457 sorğu həyata keçirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə MKR-ə edilən sorğuların sayı 2,8 dəfə artıb. Kredit tarixçəsi ilə maraqlanan ölkə vətəndaşlarının sayı da kəskin artıb. Bu ilin I rübündə 928 şəxs öz kredit hesabatını əldə etmək məqsədilə MKR-ə müraciət edib (2012-ci ilin I rübündə 364 nəfər olub).

Hesabat dövrünün sonuna MKR-də kredit məlumatlarının sayı 4 701 592 olub.

Xatırladaq ki, 2005-ci ildə fəaliyyətə başlayan MKR-ə 2005-ci ildə 319, 2006-cı ildə 5 302, 2007-ci ildə 12 966, 2008-ci ildə 13 260, 2009-cu ildə 74 393, 2010-cu ildə 257 045, 2011-ci ildə 503 163, 2012-ci ildə 1 026 730 sorğu göndərilib.

MKR-dən verilən məlumata görə, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 11 mart 2013-cü il tarixli qərarı ilə «Mərkəzləşdirilmiş kredit reyestrinin aparılması və istifadəsi Qaydaları» təsdiq olunub. Aprelin 2-dən qüvvəyə minən yeni qaydalarda əsas dəyişikliklər bank və BOKT-lar üçün MKR-də sorğu qiymətinin 2 manatdan 1 manata endirilməsi, bank və BOKT-lar tərəfindən potensial borcalanlar haqqında reyestrdə aparılan sorğular üçün tələb olunan şəxsi razılığın standart formasının tətbiqi, məlumat subyektlərinə özləri barədə distant sorğu ilə müraciət etmək imkanının yaradılması, reyestrdə elektron imzanın tətbiqi, şəxslərin MKR-ə müraciətləri üçün nəzərdə tutulan formaların təkmilləşdirilməsi, şəxslərin Mərkəzi Bankın Regional Mərkəzləri vasitəsilə reyestrə sorğu və müraciət etmək imkanının yaradılması ilə bağlı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR