ABŞ senatorları: “Amerika üçün əsas təhlükə İrandır”

ABŞ senatorları: “Amerika üçün əsas təhlükə İrandır”
# 31 yanvar 2013 20:44 (UTC +04:00)

Vaşinqton. N.Kazımova – APA. ABŞ Senatının Sillahlı Qüvvələr üzrə Komitəsində Çak Heygelin müdafiə naziri vəzifəsinə namizədliyi ilə bağlı davam edən dinləmələrdə sualların əksəriyyəti İranla və bu ölkənin nüvə ambisiyaları ilə bağlı olub. Çıxış edənlər bu məsələnin ABŞ-ın təhlükəsizliyinə əsas təhlükə və bir nömrəli problem olduğunu qeyd ediblər.

APA-nın Vaşinqton müxbirinin məlumatına görə, sualların çoxu Heygelin əvvəllər İrana birtərəfli sanksiyaların tətbiq olunmasına qarşı və İran hökuməti ilə birbaşa danışıqların aparılmasının vacibliyi barədə səsləndirdiyi bəyanatları ilə bağlı olub. Onun opponentləri qeyd ediblər ki, ABŞ hökumətinə terrorçularla danışıqlar aparmaq təklifi qəbuledilməzdir. Senatorlar İranın Çak Heygelin müdafiə naziri vəzifəsinə namizədliyinin irəli sürülməsini alqışlamasını xüsusi vurğulayıblar.

Çak Heygel çıxışı zamanı dəfələrlə prezident Obamanın siyasətində preventiv, qabaqlayıcı tədbirləri dəstəklədiyini qeyd edib ki. Heygel senatorları əmin edib ki, diplomatiya nəticə vermədikdə o birmənalı şəkildə hərbi addımların atılmasını zəruri biləcək. Buna baxmayaraq o hərbi addımların atılacağı son həddi izah etməkdə çətinlik çəkib. Çak Heygel həmçinin vurğulayıb ki, İran dövlət səviyyəsində terrorçuluğu dəstəkləyən, “Hizbulla” və “Həmas” terrorçu təşkilatlarını maliyyələşdirən dövlətdir.

Bundan başqa, Çak Heygel 2008-ci ildə İranın İslam inqilabı keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımaqdan imtina etdiyinə görə də senatorlara cavab verməli olub. Heygelin sözlərinə görə, o qətnamənin əleyhinə səs verən 22 senatordan biri olub, çünki ABŞ əvvəl heç vaxt müstəqil, tanınmış, BMT-nın üzvü olan hər hansı bir ölkənin dövlət silahlı qüvvələrini terror təşkilatı kimi tanımayıb. “Mahiyyətcə, bu ABŞ prezidentinə Konqresslə məsləhətləşmə olmadan hərbi əməliyyatlar aparılmasına qərar vermək hüququ verə bilərdi. Mənin qərarım Konqresin hərbi əməliyyatlar aparılması ilə bağlı qərarların qəbul edilməsində iştirak hüququnu qorumaq cəhdindən irəli gəlib”, deyə Heygel vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR