DİN-də Xocalı faciəsinin anım mərasimi keçirilib

DİN-də Xocalı faciəsinin anım mərasimi keçirilib
# 24 fevral 2015 14:38 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Fevralın 24-də Daxili İşlər Nazirliyində (DİN) Xocalıda şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinin iştirakı ilə anım mərasimi keçirilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov bildirib ki, öz tarixinin müxtəlif mərhələlərində erməni millətçiləri tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 23 il əvvəl Xocalıda üzləşib.

Xocalının müdafiəsi zamanı düşmənlə qeyri-bərabər döyüşlərdə 17 polis əməkdaşının da qəhrəmancasına həlak olduğunu xatırladan nazir müavininin təklifi ilə soyqırıma məruz qalan Xocalı sakinlərinin, eləcə də ərazi bütövlüyümüz və suverenliyimiz uğurunda canlarından keçən soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən dəhşətli faciələrlə bir sırada durduğunu deyən polis general-leytenantı Oruc Zalov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, işğaldan sonra bütün maddi-mədəniyyət abidələrinin vəhşicəsinə dağıdılması bəşər sivilizasiyasına, insan haqlarına qarşı törədilmiş qatı cinayətdir. Qeyd olunub ki, illər keçməsinə baxmayaraq, min bir işgəncə ilə qətlə yetirilmiş soydaşlarımızın, qəhrəman oğul və qızlarımızın əziz xatirəsi anılır və dünya ictimaiyyəti Xatın, Sonqmi kimi bəşəri cinayətlər sırasında yer alan Xocalı faciəsini yad edərək, Azərbaycan xalqı ilə həmrəy olduğunu bildirir və millətçilərin törətdikləri bədnam əməlləri pisləyir.

O, respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından qəhrəman şəhərin müdafiəsində şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinə bir daha başsağlığı verib, onların problemləri və qayğıları ilə maraqlanıb, qaldırılan məsələlərin tezliklə həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini bildirib.

Şəhid ailələri adından danışan Tacirə Xəlilova, Şamilə Məmmədova və Vərziyar Əliyeva onlara göstərilən diqqət, qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR