QAT Türkiyə hökumətini Van-İrəvan aviareyslərinə icazə verməməyə çağırıb

QAT Türkiyə hökumətini Van-İrəvan aviareyslərinə icazə verməməyə çağırıb
# 18 mart 2013 14:10 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) Türkiyə hökumətinin Van-İrəvan aviareysinin açılmasına razılıq verməsi ilə bağlı bəyanat verib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda Türkiyə hökumətinin bu əməli pislənilib və bildirilib ki, bu hərəkətə heç bir bəhanə ilə haqq qazandırmaq olmaz: “Türkiyə hökumətinin nəzərinə çatdırırıq ki, bu məsələdə yanlışlığa yol vermək olmaz. Bu hərəkətləri işğalçı Ermənistana dəstək, Azərbaycanın maraqlarına zərbə kimi dəyərləndiririk. Türkiyə hökuməti bu hərəkəti ilə iki qardaş ölkə arasındakı münasibətlərə ağır zərbə vurur. Türkiyə hökumətindən bu məsələyə yenidən baxmağı, aviareyslərin təşkilinə icazə verməməyi xahiş edirik. Hələ vaxt var, bu yanlışlıq hökmən aradan qaldırılmalıdır. Biz Türkiyə-Ermənistan sərhədlərinin açılması planlarına qarşı bir dəfə Türkiyə səfirliyi qarşısında etiraz aksiyaları keçirmişik, o hadisəni ürək ağrısı ilə xatırlayırıq və ikinci dəfə təkrar etmək istəmirik. Türkiyə bizi bu cür etiraz aksiyalarının keçirilməsinə vadar etməməlidir”.

Bəyanatda Türkiyə cəmiyyətindən də bu məsələdə fəallıq nümayiş etdirməsi istənilib: “Türkiyə cəmiyyətində bu aviareyslərlə bağlı tutulan mövqeni, xüsusilə də Milliyyətçi Hərəkat Partiyası üzvlərinin etirazlarını təqdir edir və Türkiyə ilə Azərbaycan arasında münasibətlərə xələl gətirə biləcək hər hansı addıma qarşı səylərimizi birləşdirməyi zəruri hesab edirik”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR