Mərkəzi Bankın İdarə Heyətinin iclası keçirilib - FOTO

Mərkəzi Bankın İdarə Heyətinin iclası keçirilib  - <span style="color: red;">FOTO
# 02 fevral 2013 14:07 (UTC +04:00)

Bakı-APA. Mərkəzi Bankın (MB) İdarə Heyətinin 2012-ci ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilib. MB Kommunikasiya departamentindən APA-ya verilən məlumata görə, bankın struktur bölmələrinin və regional ərazi idarələrinin rəhbərlərinin iştirak etdiyi iclasda sədr Elman Rüstəmov giriş nitqi ilə çıxış edib.

E. Rüstəmov bildirib ki, ötən il Azərbaycan iqtisadiyyatının inkişafında mühüm illərdən biri olub. Mürəkkəb qlobal iqtisadi mühitdə ölkə iqtisadiyyatı yüksək dayanıqlıq nümayiş etdirmiş, qeyri-neft sektoru iqtisadi artımın əsas mənbəyinə çevrilib. 2012-ci ildə dünyanın əksər ölkələrinin kredit reytinqi azaldıldığı halda, Azərbaycanın beynəlxalq reytinqləri daha da yaxşılaşıb. Həyata keçirilən uğurlu sosial-iqtisadi strategiya nəticəsində 2012-ci il Azərbaycan iqtisadiyyatının inkişafı və şaxələnməsində mühüm illərdən biri olmuş, ölkə orta gəlirli dövlətlər qrupunda öz mövqeyini daha da möhkəmləndirib.

E. Rüstəmov deyib ki, çevik makroiqtisadi siyasət, o cümlədən MB-nin pul siyasəti nəticəsində 2012-ci ildə inflyasiya aşağı birrəqəmli səviyyədə olub. Manatın məzənnəsi makroiqtisadi sabitlikdə mühüm rol oynayıb. Bank sektorunda maliyyə sabitliyi və dayanıqlıq təmin olunub, sektorun iqtisadiyyatda maliyyə vasitəçiliyi rolu daha da yüksəlib. Maliyyə xidmətlərinə çıxış imkanları genişlənib, regional maliyyə infrastrukturu inkişaf edib, bank sisteminə inam yüksəlib, əhalinin əmanətləri artıb.

Qeyd olunub ki, MB ödəniş infrastrukturunun inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirib. Kütləvi ödənişlər sisteminin əhatəsi regionlara doğru genişləndirilib, POS-terminalların və ödəniş kartları vasitəsilə hesablaşmaların miqyasının daha da artırılması üzrə tədbirlər davam etdirilib. Ölkədə nağdsız dövriyyənin artırılması istiqamətində tədbirlər həyata keçirilib. Bankda yeni strateji plan çərçivəsində qəbul olunan layihələr 2012-ci ildə uğurla icra olunub. Strateji planın realizasiyası həlledici mərhələyə daxil olub. Bankın fəaliyyətinin bütün istiqamətlərinin modernləşdirilməsi üzrə insentiv iş aparılıb. Bankın institusional inkişaf prosesi sürətlənib, insan resurslarının inkişafına diqqət artırılıb, funksional və biznes proseslərinin səmərəli yerinə yetirilməsi üçün layihələr həyata keçirilib.

İclasda aparılan müzakirələrdə həmçinin qeyd edildi ki, MB-nin valyuta ehtiyatları ilin əvvəlindən 14% artaraq 12 mlrd. dollara yaxınlaşıb. Bank özünün valyuta ehtiyatlarının idarə edilməsinin yeni strategiyasını formalaşdırıb. Ölkənin tədiyə balansında iri həcmli profisitin mövcud olması ilə əlaqədar valyuta bazarında təklifin tələbi üstələdiyi şəraitdə məzənnənin əhəmiyyətli möhkəmlənməsinin qarşısını almaq və bununla qeyri-neft sektorunun rəqabət qabiliyyətinə neqativ təsirləri neytrallaşdırmaq üçün MB tərəfindən 1.5 mlrd. ABŞ dolları həcmində alışyönlü valyuta sterilizasiyası həyata keçirilib. Nəticədə, dövr ərzində manatın ABŞ dollarına qarşı məzənnəsi cəmi 0.2% möhkəmlənib.

İclasın yekununda ümumilikdə 2012-ci ilin nəticələrini müsbət qiymətləndirən E.Rüstəmov MB-nin qarşısında duran başlıca vəzifələri açıqlayıb. O bildirib ki, inflyasiya 5-6% səviyyəsində hədəfənəcək, bunun üçün çevik pul siyasəti, o cümlədən sabit, lakin ixraca dəstək verə bilən səviyyədə məzənnə siyasəti yürüdüləcək.

Pul və maliyyə sabitliyi siyasəti sahəsində qərarların effektivliyinin yüksəldilməsi, bunun üçün iqtisadi diaqnostika aparatının beynəlxalq standartlaşması işləri sürətləndiriləcək. Pul və maliyyə sabitliyi siyasətinin şəffaflığı artırılacaq, bunun üçün yeni kommunikasiya məhsullarının istehsalı gücləndiriləcək. Nağdsız ödənişlərin miqyasının genişləndirilməsi, ipoteka mexanizminin inkişafı bankın fəaliyyətinin mühüm prioritetlərindən olacaq. Milli Ödəniş Sisteminin əsas komponentlərinin davamlı fəaliyyəti və inkişafı təmin ediləcək. Regionlarda elektron bank xidmətlərinə çıxış imkanlarının daha da artırılması təmin olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR