Leyla Əliyeva: “Sərhədləri aşıb keçən məsələlərin həlli üçün əməkdaşlıq siyasəti lazımdır”

Leyla Əliyeva: “Sərhədləri aşıb keçən məsələlərin həlli üçün əməkdaşlıq siyasəti lazımdır”
# 07 aprel 2013 20:16 (UTC +04:00)

APA-nın xəbərinə görə, tədbirdən öncə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da içtirakı ilə səyyar kitabxananın açılışı olub.


Bu barədə məlumat verilərkən, layihənin bir il müddətinə ölkənin 15 regionunu əhatə edəcəyi qeyd olunub. On min kitab və beş min elektron nəşrin olduğu kitabxana səyyar fəaliyyət göstərəcək, burdan nəşrləri pulsuz əldə etmək mümkün olacaq. “Gəzən kitabxana”da yaradılmış xüsusi proqramda nəşrlərin elektron kataloqu yerləşdirilib.

L. Əliyevanın tanış olduğu “Açıq rəf” layihəsi haqıqmda məlumat verilərkən isə bildirilib ki, bu kitab rəfləri paytaxtın müxtəlif məkanlarında yerləşdiriləcək. Layihənin məqsədi ölkəyə gələn turistlərin qeydiyyatdan keçmədən Azərbaycanla bağlı kitablar əldə etməsidir. “Açıq rəf” layihəsinin prinsipi kitab götürüldükdən sonra qaytarılmalı və ya əvəzinə başqa kitab təhvil verilməlidir.

Daha sonra forum işinə başlayıb. Forumu Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev açaraq, bu tədbirin Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov çıxışında müasir gəncliyin praqmatizmi, kreativliyi barədə danışıb.

Nazir “Global Shapers” cəmiyyətinin strateji dialoqunun aparılmasının təsadüfi olmadığını bildirib. O, Azərbaycanın Avropa və Asiyanın qabaqcıl ölkələrinin təcrübəsini öyrəndiyini və öz modelini yaratdığını da qeyd edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva isə çıxışında Dünya İqtisadi Forumunun təşkilatçılarına minnətdarlıq edib. L. Əliyeva çıxışında Azərbaycanın coğrafi mövqeyi, hazırkı inkişaf tempi, mədəni yüksəlişi ilə bağlı ətraflı məlumat verib.

O, çıxışını qlobal səviyyədə həllinə ehtiyac olan problemlərdən danışaraq davam etdirib: “Qlobal problemlərin müvəffəqiyyətlə həllinə dəstək göstərəcək münasibətlər modelini belə dəyərlər olmadan yaratmaq mümkün deyil. İnanıram ki, sərhədləri aşıb keçən məsələlərin həlli üçün əməkdaşlıq siyasəti lazımdır. Məhz belə siyasət müxtəlif region və mədəniyyətlərin maraqlarını müvafiq şəkildə nəzərə alıb milli iqtisadiyyatların inkişafını əlaqələndirə bilər. Hazırda inkişafda olan iqtisadiyyatların əksəriyyəti təbii ehtiyatların tükənən olduğunu nəzərə almır. Nəticədə gələcəkdə qlobal ekoloji fəlakət ehtimalı böyükdür. Məhz buna görə də ekoloji təhsil və maarifləndirmənin hələ orta və ali məktəb auditoriyalarından başlanması məsələsi hazırda kəskin şəkildə qarşıda durur.
Bu gün gənclər çox mühüm intellektual, mədəni və peşəkar potensialdır. Dövlətlərimizin taleyi onların həyatının və inkişafının keyfiyyətindən asılıdır”.


L. Əliyeva daha sonra IDEA Beynəlxalq Kampaniyasının təşəbbüsləri barədə danışıb: “IDEA Kampaniyası yaradıldığı vaxtdan ətraf mühitin mühafizəsi, habelə gənclər siyasəti sahəsində müxtəlif mexanizmlərin sınaqdan keçirilməsi platformasına çevrilmişdir.
Biz ekologiya məsələlərində gənclərin maarifləndirilməsi və bilavasitə Azərbaycanın və bütövlükdə regionun ətraf mühitinin mühafizəsinə yönəldilmiş layihələrin icrası istiqamətində müəyyən uğurlara nail olmuşuq. IDEA Kampaniyası Rusiya WWF ilə qarşılıqlı anlaşma haqqında memorandum imzalayıb, hazırda Türkiyə WWF ilə analoji sənəd üzərində işləyirik”.


O, hazırda İDEA-nın Bakıda və ölkənin bölgələrində ətraf mühit mövzusunda məşğələ və seminarlar keçirdiyini də vurğulayıb.


Ötən il IDEA-nın BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə birlikdə Bakıda ilk dəfə “Yaşı həftə” təşkil etdiyini deyən L. Əliyeva “Yaşıl Azərbaycan” proqramını başa çatdırdıqlarını da bildirib: “Bu proqram çərçivəsində ölkənin müxtəlif bölgələrindən 8 mindən çox məktəbli ətraf mühitin mühafizəsinə dair fakültativ məşğələlərdə iştirak edib. Bundan əlavə, məhz IDEA Kampaniyasının təşəbbüsü ilə ətraf mühitin mühafizəsi üzrə dərslər 2013-cü ilin sentyabrından Azərbaycan məktəblərinin tədris proqramına daxil ediləcək”.

L. Əliyeva deyib ki, onlar təkcə təhsil proqramları ilə kifayətlənmirlər: “Biz fəaliyyətimizin miqyasını genişləndirmək üçün müxtəlif yolların axtarışındayıq. Məsələn, hazırda Azərbaycanın hüdudlarından kənarda ən fəal gənclər təşkilatı olan Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) geniş şəkildə çoxsaylı humanitar və mədəni layihələr, habelə ətraf mühitin mühafizəsinə yönəlmiş layihələr həyata keçirir. Bütövlükdə RAGB-ın fəaliyyətinin miqyası Rusiyada gənclərin həyatının bütün sahələrini əhatə edir ki, bu da qurumdan əməkdaşlığı genişləndirmək məkanı kimi istifadə etməyə imkan verən müsbət amildir”.


L. Əliyeva qeyd edib ki, gələcəyə nikbinliklə baxır: “Əminəm ki, siyasi, iqtisadi, ekoloji və mədəni mübadilə bizim nəslin nümayəndələrinə bəşəriyyətin ümumi idealları naminə gələcəyin təhdidlərini aradan qaldırmaq və sülhü qoruyub saxlamaq imkanı verəcək”.


O, forum iştirakçılarını müasir və rəngarəng mədəniyyətlə tanış olmağa dəvət edib: “Sizin nadir tarixi irsə malik əbədiyaşar Azərbaycanı - dinamik və rəngarəng mədəniyyəti olan müasir dünyəvi bir dövləti görmək imkanınız olacaq. Lakin mən əminəm ki, daha bir amil sizdə unudulmaz təəssürat oyadacaq. Bu, mədəniyyətimizin parlaq cəhətlərindən biri olan qonaqpərvərliyimizdir. Hörmətli qonaqlar, bizi sizi Azərbaycanda təkrar-təkrar salamlamağa şadıq, çünki qədim inanca görə “Qonaqsız evin bərəkəti olmaz”.

Sonra forum işini “Qlobal gənclər layihəsi üçün media və ictimaiyyətlə əlaqələr” mövzusunda seminarla davam etdirib.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR