Daşkənddə azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbir keçirilib

Daşkənddə azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbir keçirilib
# 30 mart 2013 19:59 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Özbəkistandakı səfirliyi Respublika Azərbaycan Mədəniyyət Mərkəzi (RAMM) ilə birgə Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) 31 mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar mərasim keçirmişlər. APA-nın “AzərTAc”a istinadən verdiyi xəbərə görə, tədbirdə Azərbaycan səfirliyinin əməkdaşları RAMM-nun rəhbərləri, diaspora üzvləri, jurnalistlər iştirak edib.

Mərkəzin foyesində soyqırımla bağlı Azərbaycan, rus və ingilis dillərində tərtib edilmiş stendlər, 1918-ci ilin mart hadisələrini əks etdirən fotoşəkillər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı və 20 Yanvar faciələri ilə əlaqədar kitablar nümayiş etdirilib.

AMM-nin direktoru Samir Abbasov azərbaycanlıların soyqırımı haqqında ətraflı məlumat verib. O bildirib ki, erməni daşnakları 1918-ci ilin mart-aprel aylarında Bakı, Quba, Şamaxı, Lənkəran, Naxçıvan, Hacıqabul, Salyan, Zəngəzur və digər bölgələrimizdə yüzlərlə kənd və qəsəbələrimizi yerlə yeksan edib, minlərlə dinc sakini məhz azərbaycanlı olduğuna görə işgəncələrlə qətlə yetirilib. O günlərdə daşnak Stepan Şaumyanın rəhbərliyi ilə ancaq Bakıda təxminən 30 min dinc sakin-qocalar, qadınlar, uşaqlar qəddarlıqla öldürülüb. Bakıdakı Təzəpir məscidi, İsmailiyyə binası (İndiki AMEA-nın rəyasət heyəti) və digər abidələrimiz yandırılıb. Qeyd olunub ki, o müdhiş günlərdə Qubada 122, Dağlıq Qarabağda 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211 kənd yerlə yeksan edilib. Qeyd olunub ki, Quba məzarlığı məhz o günlərdə törədilmiş soyqırımın nişanəsidir.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev diasporumuzun üzvlərini səfirliyimizin tədbirlərində fəal olmağa səsləyib. O qeyd edib ki, diasporumuzun üzvləri səfirliyin tədbirlərində dəvətsiz iştirak edə bilərlər.

Tədbirin sonunda “Bakı soyqırımı” sənədli filmi nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR