Azərbaycanda özəlləşdirilən müəssisələrə investisiya qoyuluşlarının 1/3-i xarici investorların payına düşür

Azərbaycanda özəlləşdirilən müəssisələrə investisiya qoyuluşlarının 1/3-i xarici investorların payına düşür
# 03 may 2013 14:48 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda 1998-ci ildən 2012-ci ilin sonunadək investisiya müsabiqəsi vasitəsilə ümumilikdə 92 müəssisə və obyekt özəlləşdirilib. Bu müəssisə və obyektlərə yatırılan investisiyaların ümumi həcmi 825,5 mln. manat təşkil edib. «APA-Economics»in məlumatına görə, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri Həmzə Xəlilov bildirib.

İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə sərmayə qoyuluşlarının orta illik həcm göstəricisi ardıcıl olaraq yüksəlib. Belə ki, həmin göstərici 1998-2000-ci illər üçün 22,7 mln. manat, 2001-2005-ci illər üçün 43,3 mln. manat, 2006-2012-ci illər üçün isə 77,3 mln. manat təşkil edib.

H.Xəlilov qeyd edib ki, ilkin mərhələdə investisiya müsabiqələri vasitəsilə əsasən istehsal yönümlü müəssisələr özəlləşdirilib. Sonradan, özəlləşdirmənin bu üsulu xidmət sahələrinə aid müəssisələri də əhatə etməyə başlayıb. Ümumilikdə, istehsal müəssisələrinin payına investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilən müəssisə və obyektlərin 2/3 hissəsi düşür.

Özəlləşdirilən müəssisələrə investisiya qoyuluşlarının 1/3 hissəsinə qədəri xarici investorların payına düşür. Azərbaycanda həyata keçirilən özəlləşdirmə prosesində ABŞ, Böyük Britaniya, Fransa, İsveçrə, Türkiyə, Almaniya, Rusiya, İran, Yaponiya, İsrail və digər dövlətlərin hüquqi və fiziki şəxsləri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR