Müsavatın Sabunçu Rayon Təşkilatına keçirilən seçkilər qalmaqala səbəb olub

Müsavatın Sabunçu Rayon Təşkilatına keçirilən seçkilər qalmaqala səbəb olub
# 19 mart 2015 08:58 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Arif Hacılı ilə Rafiq İsmayıl Sabunçu rayon təşkilatını dağıtdılar. Ədalətsiz keçirilən seçkilərə etiraz olaraq 8 nəfər partiyadan, 3 nəfər Şura üzvlüyündən, 1 nəfər isə Mərkəzi Nəzarət-Təftiş Komissiyasından istefa verib”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının üzvü, hüquq müdafiəçisi Elşən Həsənov deyib.

E. Həsənov bildirib ki, martın 15-də partiyanın Sabunçu rayon təşkilatın sədrliyinə seçkilərdə namizəd olub, ancaq partiya rəhbərliyinin müdaxiləsi ilə onun sədr seçilməsinə imkan verilməyib: “15 il idi, Sabunçu rayon təşkilatında sədr dəyişmirdi. Amma Nizamnamədə nəzərdə tutulub ki, iki ildən bir, iki dəfədən artıq seçilə bilməz. Deməli, ardıcıl Nizamnamə pozuntusu qeydə alınıb. Bunun nəticəsidir ki, rayon təşkilatı çox passivləşib. Bu passivliyi aradan qaldırmaq imkanı yalnız sədrlik seçkilərində mümkün idi. Əvvəlcə mənim namizədliyimi Sabunçu rayon təşkilatının keçmiş sədri Rafiq İsmayıl dəstəklədi, amma sonradan dedilər ki, guya mən Qubad İbadoğlunun tərəfdarı olmuşam, onu dəstəkləmişəm. Əslində isə mən Tural Abbaslını dəstəkləmişdim. Sırf Müsavat başqanı Arif Hacılının müdaxiləsi ilə mənə qarşı kampaniya aparıb, seçkilərdə qalib gəlməyimə imkan verməyiblər. Çünki mən partiya rəhbərliyinin apardığı siyasəti tənqid edirəm".

O qeyd edib ki, Elnur Əsgərovun sədr seçilməsinə etiraz olaraq, bir qrup şəxs partiyadan istefa verib.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə APA-ya açıqlamasında E. Həsənovun fikirləri ilə razılaşmayıb. O qeyd edib ki, seçkidə saxtakarlıq olubsa, bunu sübut etməlidirlər: “Hər bir müsavatçı gizli səsvermənin nəticəsini qəbul etməlidir. Elşən Həsənovun narazılığını düzgün hesab etmirəm. Çünki seçkinin nəticələri elan olunanda Elşən Həsənov hamının gözü qarşısında Elnur Əsgərovu təbrik edib. Seçkidə hər hansı saxtakarlıq olubsa, ortaya qoysunlar. Yoxsa, kiminsə seçkidə qalib gəldiyi üçün istefa vermək düzgün deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR