Fərhad Abdullayev: ”Konstitusiya Məhkəməsinə daxil olmuş şikayətlərin çoxu mülkiyyət hüququ ilə bağlıdır” - MÜSAHİBƏ

Fərhad Abdullayev: ”Konstitusiya Məhkəməsinə daxil olmuş şikayətlərin çoxu  mülkiyyət hüququ ilə bağlıdır” - <span style="color: red;">MÜSAHİBƏ
# 04 aprel 2013 12:42 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayevin APA-ya müsahibəsi

- Artıq bu ilin üç ayı geridə qalıb. Bildiyimizə görə cari ildə Konstitusiya Məhkəməsi bir sıra əhəmiyyətli sorğuları icraata qəbul edib baxmaqdadır, bəzilərinə isə yekun vurulub. Buna baxmayaraq, yenə də müqayisəli şəkildə təhlil üçün bilmək istərdik ki, ötən il ərzində Konstitusiya Məhkəməsinə neçə şikayət daxil olub?

- 2012-ci il üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə 1605 şikayət ərizəsi daxil olub, onlardan 395-i Konstitusiya Məhkəməsinin Palatalarına verilib, digərləri isə Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olmadığından aidiyyəti üzrə bir sıra dövlət strukturlarına müvafiq tapşırıqlarla göndərilib.

- Daxil olan fərdi şikayətlərin məzmunu, qəbul olunan qərarlar və müraciətlər barədə məlumat verərdiniz.

- Ümumilikdə, ötən il ərzində daxil olmuş sorğu, müraciət və şikayətlər əsasında Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən 34 qərar və qərardad qəbul edilib. Konstitusiya Məhkəməsinə daxil olmuş şikayətlərlə əlaqədar qeyd edə bilərəm ki, şikayətlərin bir çoxu məhz mülkiyyət hüququ ilə bağlıdır. Bunu da təbii hesab etmək olar. Ümumiyyətlə, bir çox xarici konstitusiya nəzarəti orqanlarının təcrübəsi göstərir ki, insanlar Konstitusiya Məhkəmələrinə müraciət etməklə Konstitusiyada təsbit edilmiş mülki hüquqları ilə bağlı məsələlərə toxunurlar.

Ötən ildə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrdən daxil olmuş müraciətlər əsasında 11 qərar qəbul edib. Hazırda isə məhkəmələrdən daxil olmuş bir sıra müraciətlərin icraata qəbul edilməsinin mümkünlüyü Konstitusiya Məhkəməsinin Palataları tərəfindən öyrənilir.

Məhkəmə müraciətlərində digər məhkəmələr, hüquq-mühafizə orqanları və ümumiyyətlə, cəmiyyət üçün mühüm problemlərin aradan qaldırılmasına köməklik edən ayrı-ayrı hüquq sahələri üzrə əhəmiyyətli məsələlərə toxunulur. Bu fakt onu göstərir ki, məhkəmələr öz hüquqi mövqelərinə obyektivlik gətirmək və bununla da ədalətli qərar qəbul etmək üçün Konstitusiya Məhkəməsinə müraciət edirlər. Konstitusiya Məhkəməsi müasir hüquqi yanaşmaları tətbiq etmək məqsədilə həmin müraciətlərlə bağlı yüksək məhkəmə orqanları ilə əlaqələr yaradır, habelə beynəlxalq məhkəmələrin hüquqi mövqelərindən istifadə edir. Ümumiyyətlə, Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlarda əks olunmuş hüquqi mövqelər Konstitusiyanın əsasları, onun aliliyi və birbaşa qüvvəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktların müddəaları, o cümlədən insan hüquqlarının və azadlıqlarının üstünlüyü prinsipi nəzərə alınmaqla formalaşdırılır.

- Bu il Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 15 ili tamam olur. Bununla bağlı hansısa tədbirlərin keçirilməsi nəzərdə tutulurmu?

- Bəli, 2013-cü ilin iyul ayında Konstitusiya Məhkəməsinin təsis edilməsinin 15 ili tamam olur. Yubiley tarixi ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra Xarici ölkələrinin konstitusiya nəzarəti orqanlarının sədrlərinin və hakimlərinin, eyni zamanda, əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatların iştirakı ilə “XXI əsrdə Konstitusiya ədalət mühakiməsi” mövzusunda beynəlxalq konfransın keçirilməsini nəzərdə tutur. Konfransa xarici qonaqlarla yanaşı, respublikamızın dövlət orqanlarının nümayəndələrinin və hüquqşünas alimlərin də dəvət olunmaları nəzərdə tutulur. Onu da qeyd edim ki, ədalət mühakiməsi orqanları bir qayda olaraq yubiley tədbirləri keçirməklə öz beynəlxalq əlaqələrini gücləndirir, yeni hüquq inkişafı yollarını axtarırlar.

- Konstitusiya Məhkəməsinin digər ölkələrin məhkəmələri və beynəlxalq təşkilatlarla münasibətləri hansı səviyyədədir?

- Yarandığı ilk günlərdən etibarən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verir, xarici ölkələrin konstitusiya nəzarəti orqanları ilə, habelə Avropa Şurasının Venesiya Komissiyası, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və digər nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Həyata keçirilən beynəlxalq əməkdaşlığın davamı olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra dövlətlərin, o cümlədən Türkiyə, Belarus, Moldova, Bolqarıstan və İndoneziya Respublikalarının Konstitusiya Məhkəmələri ilə qarşılıqlı əməkdaşlıq haqqında memorandumlar imzalayıb.

Fikrimcə, bu müqavilələr Məhkəməmiz ilə qeyd edilən dövlətlərin konstitusiya nəzarəti orqanları arasında əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişafı, Konstitusiya Məhkəmələri arasında hüquqi sahədə əlaqələrin daha da möhkəmləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsi üçün geniş imkanlar yaradır. Konstitusiya Məhkəməsi konstitusiya ədalət mühakiməsinin müasir tendensiyalarını davamlı olaraq izləyir və fəaliyyətində tətbiq edir. Məhkəməmiz beynəlxalq təcrübəyə böyük diqqət yetirməklə, öz qərarlarında beynəlxalq hüquq aktlarının, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın müddəalarına, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna istinadlar edir. Bu, ilk növbədə qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi kimi müvafiq beynəlxalq müqavilələrin tətbiqinin zəruriliyindən irəli gəlir. Digər tərəfdən isə bu daha keyfiyyətli qərarların qəbul edilməsinə, həmçinin məhkəmənin mövqeyinin zənginləşdirilməsinə və düzgün əsaslandırılmasına xidmət edir.

- Bəzən belə bir fikir səslənir ki, Azərbaycanda hüquqşünasların kadr çatışmazlığı var. Bu fikirlə razısınızmı?

- Qeyd etmək istərdim ki, bu gün Azərbaycan Respublikasının ali təhsil ocaqlarında kifayət qədər hüquq fakültələri var və hər il xeyli sayda hüquqşünas ərsəyə gətirilərək, cəmiyyətimizə təqdim olunur. Buna baxmayaraq, ali hüquq təhsili almış hüquqşünasların praktiki fəaliyyətə başlaması zamanı müəyyən problemlərə rast gəlinir. Bu isə peşəkar və professional hüquqşünasların çatışmazlığını ehtiva edir. Fikrimcə, hər bir hüquqşünas inkişaf edən hüquqi tendensiyaların izlənilməsinə, beynəlxalq hüququn milli hüquqla müqayisəli şəkildə öyrənilməsinə, hüquqi dəyərlərin mənimsənilməsinə, peşəkarlığının artırılmasına və hazırlıq səviyyəsinin daha da yüksəldilməsinə daim xüsusi diqqət yetirməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR