Məktəb müəllimləri və şagirdlər arasında müsabiqə keçiriləcək

Məktəb müəllimləri və şagirdlər arasında müsabiqə keçiriləcək
# 17 mart 2015 15:11 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyinin və Azərbaycan Mərkəzi Bankının birgə təşəbbüsü Azərbaycanın məktəb müəllimləri arasında “Həyat bilgisi və maliyyə savadlılığı”, şagirdlər arasında “Bu günün qənaəti sabahın təminatıdır” adlı müsabiqə keçiriləcək.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, hər iki müsabiqə martın 18-dən etibarən başlanacaq.

“Bu günün qənaəti sabahın təminatıdır” adlı müsabiqənin keçirilməsində məqsəd şagirdlərin pul yığımı və qənaətcilliklə bağlı şəxsi təcrübələrini əks etdirən qısametrajlı filmlərin hazırlanması və bu yolla maliyyə savadlılığının artırılması istiqamətində şagirdlər arasında maarifləndirmə işlərinin aparılmasıdır. Müsabiqə 30 gün davam etməklə “Şagirdin məqsədli qənaəti” nominasiyası üzrə www.musabiqe.edu.az saytı vasitəsilə keçirilir.

“Həyat bilgisi və maliyyə savadlılığı” adlı müsabiqənin keçirilməsində məqsəd isə məktəb müəllimləri arasında Həyat Bilgisi fənninin “Fərd və cəmiyyət” məzmun xəttinin “Cəmiyyətin sosial-iqtisadi həyatı” alt-xətti üzrə elektron təhsil resursları hazırlamaq, müəllimlərin maliyyə savadlılığını artırmaq, eləcə də hazırlanacaq resursların təhsil şəbəkələrində paylaşılaraq müəllimlər arasında yayılmasını təmin etməkdir. Müsabiqə 30 gün davam etməklə “Maliyyə savadlılığına aid ən yaxşı resurs” nominasiyası üzrə www.musabiqe.edu.az saytı vasitəsilə keçirilir.

Müsabiqələrin gedişatı ilə bağlı məlumatlar Təhsil Nazirliyinin (www.edu.gov.az), Mərkəzi Bankın (www.cbar.az) və müsabiqənin (www.musabiqe.edu.az) rəsmi İnternet səhifələrində yerləşdiriləcək. İştirak etmək istəyənlər hazırladıqları elektron təhsil resurslarını 17 aprel tarixinədək www.musabiqe.edu.az saytına yükləməlidirlər. Maraqlananlar ətraflı məlumat üçün eyni sayta müraciət edə bilərlər. Müsabiqədə I, II və III yerləri tutan müəllimlərə noutbuk, printer, skaner təqdim ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR