Tiflisdə Gürcüstan-Ukrayna biznes forumu keçirilib

Tiflisdə Gürcüstan-Ukrayna biznes forumu keçirilib
# 26 aprel 2013 11:28 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Tiflisdə Gürcüstan-Ukrayna ticarət-iqtisadiyyat əməkdaşlığı şuralarının, Gürcüstan Milli İnvestisiya Agentliyinin, Tərəfdaşlıq Fondunun və Ukraynanın “Soft Rating Consult” şirkətinin təşkilatçılığı ilə Gürcüstan-Ukrayna biznes forumu keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Gürcüstanın baş naziri Bidzina İvanişvili açaraq hər iki ölkənin biznes sahəsində gələcək inkişafından danışıb: “Ölkə qarşısında duran problemləri biznes xilas edə bilər. Ölkəmizdə bunun üçün şərait, əməkdaşlıq və bazar atributları, azad KİV və demokratik inkişaf var. Biznes sahəsinə heç bir məmur qarışmayacaq. Burada Amerika və Avropada olduğu kimi, biznes inkişaf edir, bazarlarımız biznesə açıqdır. Bazar eyni zamanda boşdur, onu inkişaf etdirmək lazımdır. Ölkəmizdə kompleks vergi 16%-i təşkil edir. Biz dünyada bu sahədə 4-cü yerdəyik. Bizdən əvvəl Sinqapurdur”.

Sonra tədbirdə Ukrayna Ticarət-İqtisadi Əməkdaşlığı Şurasının rəhbəri Yuri Yeromenko, Gürcüstanın energetika naziri Kaxa Kaladze, iqtisadiyyat naziri Georgi Kvirikaşvili, maliyyə naziri Nodar Xaduri, regional inkişaf və infrastruktur naziri David Narimania, Ukrayna investisiya departamentinin rəhbəri Olqa Bilaçenko və başqaları çıxış edərək Gürcüstanla Ukrayna arasında investisiya sahəsində olan perspektivlər və həyata keçiriləcək layihələr, kənd təsərrüfatının inkişafı, şirkətlərin təcrübə mübadiləsi, Azərbaycanla bağlı iri layihələrin Gürcüstandan keçməsi və ölkəyə gələn gəlirlər, biznesə yaradılacaq şərait və vergi sistemi barədə söhbət açıblar.

Forumda Ukraynanın 50 şirkəti iştirak edib. Tədbir müxtəlif panellərdə müxtəlif sessiyalarda davam etdirilib, iki ölkə iş adamları arasında müxtəlif biznes layihələr müzakirə olunub.

Tədbirdə Gürcüstanın energetika, maliyyə, iqtisadiyyat, regional inkişaf nazirləri, Ukraynanın bank-maliyyə sektoru, kənd təsərrüfatı, sənaye, informasiya texnologiyası, nəqliyyat və infrastruktur sahələrindən nümayəndə heyəti iştirak edib.

Forumda Gürcüstan və Ukrayna biznes nümayəndələrinin ikitərəfli görüşü də keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR