SOCAR “Petrovyetnam” şirkətinin 40 illiyi münasibətilə keçirilmiş beynəlxalq sərgi-konfransda iştirak edib

SOCAR “Petrovyetnam” şirkətinin 40 illiyi münasibətilə keçirilmiş beynəlxalq sərgi-konfransda iştirak edib
# 28 oktyabr 2015 15:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Oktyabrın 21-dən 23-dək Vyetnamın Hoşimin şəhərində “Petrovyetnam” şirkətinin 40 illiyi münasibətilə beynəlxalq sərgi-konfrans keçirilib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd beynəlxalq miqyasda yeni texnologiyalar, neft-qaz iqtisadiyyatı, enerji təhlükəsizliyi, neft, qaz, enerji və kimya sənayesi üzrə əməkdaşlıq və digər qlobal məsələlər barədə fikir mübadiləsi və müzakirələrin aparılması olub.

Sərgi-konfransın təntənəli açılış mərasimində Vyetnamın Baş nazirinin müavini Hoang Trung Hai, “Petrovyetnam” şirkətinin prezidenti Nguyen Quoc Khanh və digər yüksək vəzifəli şəxslər iştirak edib. Sərgidə Rusiya, ABŞ, Almaniya, Yaponiya, İtaliya, Koreya, Malayziya, Sinqapur, Tailand, BƏƏ, Hollandiya, Belçika kimi ölkələrindən 80-dən çox şirkət iştirak edib.

SOCAR sərgi-konfransda öz nailiyyətlərini nümayiş etdirmək məqsədilə pavilyonla iştirak edib. Beynəlxalq tədbirdə SOCAR şirkətin Sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Sərgi zamanı “Petrovyetnam” şirkətinin prezidenti N.Khanh və digər rəsmi şəxslər SOCAR-ın pavilyonunu ziyarət edib, qonaqlara Azərbaycanın neft və qaz sənayesində baş verən yeniliklər və uğurlar barədə ətraflı məlumat verilib.

N. Khanh beynəlxalq tədbirə qatıldığına görə ölkəmizin rəhbərliyinə və SOCAR-a minnətdarlığını bildirib. Sərgi müddətində SOCAR-ın və Azərbaycanın neft-qaz sənayesində son dövrlərdə əldə edilmiş nailiyyətlər, perspektiv planlar, şirkətin ölkə daxilində və beynəlxalq layihələrdə iştirakı və rolundan söhbət açılıb, jurnal-bülleten, reklam xarakterli suvenirlər yerli və xarici iştirakçılar, ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirdə iştirak edən yerli və xarici şirkət nümayəndələri SOCAR-la əməkdaşlıq etmək üçün öz təkliflərini verib, gələcəkdə nəzərdə tutulan bu cür tədbirlərdə SOCAR-ı yenidən görmək istədiklərini vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR