Elsevər Rüstəmli: Tarif Şurasının yeni qərarı elektrik şəbəkəsinə qoşulmada şəffaflığı təmin edəcək

Elsevər Rüstəmli: Tarif Şurasının yeni qərarı elektrik şəbəkəsinə qoşulmada şəffaflığı təmin edəcək
# 03 may 2024 19:25 (UTC +04:00)

"Tarif Şurası elektrik şəbəkəyə fiziki qoşulmaya görə ödəniləcək məbləğləri müəyyən edib. Bu isə Nazirlər Kabinetinin təsdiq etdiyi fiziki qoşulmaya görə ödəniləcək məbləğlərin hesablanması metodologiyasına uyğun həyata keçirilib".

Bu barədə “APA-Economics”ə açıqlamasında “Azərişıq” ASC-nin sədrinin müşaviri Elsevər Rüstəmli deyib.

O, qeyd edib ki, əvvəllər sahibkarlıq obyektlərinin şəbəkəyə qoşulması üçün müraciəti zamanı Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq qaydalara uyğun olaraq şəbəkənin gücləndirilməsi ilə bağlı tələblər yazılırdı:

“Bu isə subyektiv yanaşma tələb edirdi. Hazırkı qərar ilə subyektiv yanaşma aradan qaldırıldı, şəffaflıq təmin edildi. Eyni zamanda sahibkarlar şəbəkəyə qoşulmaq üçün müraciət etməzdən əvvəl onları gözləyən xərclər barədə məlumatlandırıldı. Əvvəlki bir neçə qərara görə, şəbəkəyə fərqli qoşulma halları var idi. Hazırkı qərarla bu hallar optimallaşdırıldı. Eyni zamanda enerji təchizatı müəssisələrinin yeni qoşulmalarla bağlı şəbəkənin gücləndirilməsi üçün tələb olunan işlərin görülməsi məsuliyyəti artırıldı. Keyfiyyətli və dayanıqlı enerji təchizatı üçün lazımi tədbirlərin görülməsi enerji təchizatı müəssisəsinin üzərinə qoyuldu”.

Qeyd edək ki, Azərbaycanda Tarif Şurasının qərarı ilə elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə qiymətlər müəyyənləşdirilib. Qərarına əsasən, Azərbaycanda elektrik şəbəkəsinə qoşulma üzrə ödəniş məbləğləri 1 fazlı təchizat üzrə 10 kVt-dək 40 manat/kVt, 1 fazlı təchizat üzrə 10 kVt-dan yuxarı 60 manat/kVt, 3 fazlı təchizat və aşağı gərginlik üzrə 293 manat/kVt, orta gərginlik üzrə 170 manat/kVt olacaq. Qazpaylayıcı şəbəkəyə qoşulma üzrə ödəniş məbləğləri isə ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə layihə smeta sənədlərinin hazırlanması da daxil olmaqla məişət qaz qurğularının (ümumi qaz sərfiyyatı 10 m3/saat olan) düz xətt üzrə 100 metr məsafədə yerləşən şəbəkəyə texnoloji və fiziki qoşulma xidməti üzrə birlikdə - 271 manat, Ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin şəbəkəyə fiziki qoşulma xidməti üzrə - 160 manat təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR