TQDK 4 orta məktəb dərsliyinin istifadəsini məqsədəuyğun hesab etməməsinin səbəblərini açıqlayıb

TQDK 4 orta məktəb dərsliyinin istifadəsini məqsədəuyğun hesab etməməsinin səbəblərini açıqlayıb
# 19 aprel 2013 11:37 (UTC +04:00)

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, orta məktəblərin II sinifləri üzrə “Azərbaycan dili”, “Riyaziyyat”, “Həyat bilgisi” və “İngilis dili” dərsliklərinin istifadəsi məqsədəuyğun hesab edilməməsi bir sıra səbəblərlə əlaqədardır: “Belə ki, “Azərbaycan dili” dərsliyindəki materialların elmi-pedaqoji, psixoloji və yaş səviyyəsinə uyğunluğunda qüsurlar var. Tapşırıqlar elmi-metodik baxımdan “Dinləyib-anlama və danışma”, “Oxu”, “Yazı” və “Dil qaydaları” ardıcıllığını əldə rəhbər tutmalı və həmin sistemlə də şagirdlərə müvafiq bacarıqları aşılamağa xidmət göstərməli, dərsliyin məzmununda şagirdlərimizin əxlaqi-mənəvi tərbiyəsinə xidmət edən, onlarda vətənpərvərlik hissini inkişaf etdirən, milli ruhda böyüməsinə şərait yaradan, düşmənə nifrət etdirən, mənəvi dəyərlərimizi göz bəbəyi kimi qorumağa səsləyən əsərlər çoxluq təşkil etməli idi. Dərslikdə mətnlərin sayı çoxdur. Hər bölmədən sonra təkrara 1 saat vaxt ayrılır. Möhkəmləndirici dərslər yoxdur. Dil-üslub baxımından mətnlərin bəzilərində nöqsanlar vardır. Bir çox alt standartlara aid məsələlər tapşırıqlarda verilməyib. Şəkillər çox hallarda mətnlə uyğun gəlmir”.

TQDK hesab edir ki, “Riyaziyyat” fənni üzrə dərslik təhsil proqramını (kurikulumu) tam əhatə etmir. Proqramdan çoxlu sayda kənara çıxmalar var: “Anlayışların təqdimatı və materialların verilməsi zamanı bir çox hallarda şagirdlərin yaş və fizioloji xüsusiyyətləri nəzərə alınmayıb. Dərslikdə riyazi terminlər harada gəldi və təhrif edilmiş şəkildə verilib. Dərsliyin Azərbaycan və rus variantlarında xeyli uyğunsuzluqlar var. Dərslikdə çoxlu sayda struktur, elmi-pedaqoji səhvlər və dil-üslub xətaları var. Dərsliyin tərtibatı nöqsanlıdır”.

Qeyd olunub ki, “Həyat bilgisi” fənni üzrə dərslik komplekti təhsil proqramında (kurikulumda) nəzərdə tutulmuş məzmun standartlarının reallaşdırılması baxımından çox qüsurludur. Komplektdə məzmun, dil-üslub, bədii tərtibat və dizayn baxımından çoxlu sayda səhvlər var. Dərslik komplekt fənn kurikulumunun fəlsəfəsinə və onun tələblərinə cavab vermir, bu vəsaitlərlə standartlarda təsbit olunmuş bilik, bacarıq, vərdiş və dəyərləri tam formalaşdırmaq – “Həyat bilgisi” fənninin tədrisi ilə bağlı vəzifələri yerinə yetirmək mümkün deyil.

TQDK “İngilis dili” fənni üzrə dərslikdə 2-ci sinif xarici dil kurikulumunun tələblərinin pozulduğu, sadədən mürəkkəbə prinsipi və inkişafyönümlülük tələbləri gözlənilmədiyi qənaətindədir: “Təlim prosesi təkrar bacarıqların formalaşdırılmasına yönəldilib, eyni standartların mənimsənilməsi əsas götürülüb və hazır şəkillər üzrə təsvirlər əsasında ənənəvi bir dərs modeli verilib. Bu modellə təkrar fəaliyyəti möhkəmləndirən söz və ifadələrin əzbərlənməsi tələb olunur və şagird fəaliyyəti məhdudlaşdırılır. Müəllim üçün metodik vəsaitdə standartların tətbiqi, açılması yolları, məqsədləri düzgün qoyulmayıb, inteqrativlik, təlimin təşkili yolları, yeni təlim üsulları demək olar ki, tətbiq edilməyib. Texnologiyalar ənənəviliyə meylli şəkildə verilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR