Yavər Camalov: “MSN müəssisələrində 900-dən çox müdafiə təyinatlı məmulatın istehsalı mənimsənilib”

Yavər Camalov: “MSN müəssisələrində 900-dən çox müdafiə təyinatlı məmulatın istehsalı mənimsənilib”
# 17 dekabr 2014 11:58 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Müdafiə Sənayesi Nazirliyi (MSN) tərəfindən 2014-cü ildə sifarişçilərə təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi 2007-ci illə müqayisədə 23,4 dəfə, 2010-cu illə müqayisədə 2 dəfə artıb.

APA-nın məlumatına görə, bu barədə 17 dekabr müdafiə sənayesi işçilərinin peşə bayramı münasibəti ilə keçirilən tədbirdə müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Y. Camalovun sözlərinə görə, nazirliyin müəssisələrində artıq 900-dən çox müdafiə təyinatlı məmulatın və onların ehtiyat hissələrinin istehsalı mənimsənilib. Cari ildə MSN-in müəssisələri ilə sifarişə uyğun olaraq, müdafiə təyinatlı məmulatların istehsalı uğurla həyata keçirilib.

«2014-cü ilin İstehsal Proqramına uyğun olaraq nazirliyin müəssisələri tərəfindən yaradılma işləri üzrə 66 mövzunu və 169 mərhələni əhatə edən təcrübi-konstruktor işləri aparılır», - deyə nazir vurğulayıb.

Y. Camalov MSN-in tərkibindəki birlik və müəssisələrdə struktur dəyişikliklərinin aparıldığını da qeyd edib.

Nazir MSN-in sifarişi əsasında Azərbaycan Texniki Universitetində yaradılan Xüsusi texnika və texnologiyalar fakültəsində 5 ixtisas üzrə 250 tələbə təhsil aldığını, bu ixtisaslar üzrə təhsillərini davam etdirən tələbələrə praktiki məşğələlərin keçirilməsi üçün universitetin laboratoriyasının maddi-texniki bazasının yaradılmasına nazirlik tərəfindən bir sıra avadanlıq və əyani vəsaitlər ayrıldığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR