Azərbaycan Slovakiya şirkətlərini özəl sektora investisiya yatırmağa dəvət edib

Azərbaycan Slovakiya şirkətlərini özəl sektora investisiya yatırmağa dəvət edib
# 20 iyun 2016 14:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Slovakiyanın baş nazirinin müavini Peter Pelleqrini ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə ölkələr arasındakı mövcud iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Azərbaycan-Slovakiya əlaqələrinin inkişaf etdiyini qeyd edən Ş. Mustafayev hazırda ölkələrin iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən enerji, ticarət, investisiya qoyuluşu sahələrində əməkdaşlıq etdiyini bildirib. Azərbaycanda 10 Slovakiya kapitallı şirkət uğurla fəaliyyət göstərir.

Görüşdə ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verilib, Azərbaycanın xarici investisiyalar üçün cəlbedici ölkə olduğu, tətbiq edilən mütərəqqi investisiya təşviqi mexanizminin xarici investorlar üçün əlverişli imkanlar yaratdığı diqqətə çatdırılıb.

Ş. Mustafayev Slovakiya şirkətlərini sənaye, aqrar, tikinti, nəqliyyat, turizm və s. sahələrə, xüsusilə özəl sektorda reallaşdırılan layihələrə investisiya yatırmağa dəvət edib. Slovakiya şirkətləri, həmçinin Azərbaycanda yaradılmış sənaye parklarında investorlar üçün yaradılmış əlverişli imkanlardan da yararlana bilərlər.

P. Pelleqrini Azərbaycanda yüksək inkişafın şahidi olduğunu diqqətə çatdıraraq, ikitərəfli əlaqələrin daha da genişlənməsi üçün ölkələrin potensialını vurğulayıb, əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR