Baş infeksionist: “Son 2 ildə qida məhsullardan zəhərlənmə göstəriciləri eyni səviyyədədir”

Baş infeksionist: “Son 2 ildə qida məhsullardan zəhərlənmə göstəriciləri eyni səviyyədədir”
# 08 iyun 2016 12:00 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu il ərzində Azərbaycanda 60 nəfər qida zəhərlənməsi ilə bağlı Klinik Tibbi Mərkəzə müraciət edib. APA-nın xəbərinə görə, Klinik Tibbi Mərkəzin kəskin bağırsaq infeksiyaları şöbəsinin müdiri, Bakının baş infeksionisti Gülnarə Babayeva bildirib ki, onlardan 30-35 nəfərinin vəziyyəti yüngül olub və 24 saat ərzində müvafiq yardım göstərilərək evə buraxılıb.

Onun sözlərinə görə, qalan 25-30 nəfərin vəziyyəti ağır olub və onlar 5-7 gün ərzində müalicə olunaraq evə göndərilib: “Artıq mövsümü qida zəhərlənmələri deyilən bir anlayış qalmayıb. Sadəcə, tövsiyə edərdim ki, hər bir meyvə-tərəvəz öz mövsümündə qəbul edilsin. Əgər qış aylarında qarpızdan istifadə edilirsə, bu təbii ki, gübrə ilə yetişdirilən məhsuldur. Xroniki mədə-bağırsaq problemləri olan insanlarda bu məhsul sözsüz ki, qida zəhərlənməsinə səbəb ola bilər”.

Ət və süd məhsullarının sanitar-epidemioloji nəzarətdən keçdiyini deyən baş infeksionistinin sözlərinə görə, mütləq şəkildə onların vaxtına və saxlanma müddətinə diqqət etmək lazımdır: “36 illik fəaliyyətim dövrümdə qida zəhərlənməsindən ölüm hadisələri müşahidə olunmayıb. Amma qida zəhərlənməsinin ağır forması olan botulizmin ilk 3 günündə müvafiq zərdab qəbul edilməsə vəziyyəti ağırlaşa və ölümlə nəticələnə bilər. Xəstəxanaya gətirilənə qədər ev şəraitində ilk yardım üçün mədənin təmizlənməsi aparılmalıdır. Evdə soda və su mədəni təmizləmək olar. Qida zəhərlənməsinin yüngül forması yeməkdən 30 dəqiqə sonra, ən ağır forması isə 24 saat ərzində özünü büruzə verir. Əlamətləri isə mədə bulanması, qusma, ishal formasında özünü göstərir”.

G.Babayeva əlavə edib ki, son 2 il ərzində bütün qida məhsullardan zəhərlənmə göstəriciləri demək olar ki, eyni səviyyədədir. Onun sözlərinə görə, əgər əvvəllər ən çox meyvə-tərəvəzdən zəhərlənmələr olurdusa, artıq bu gün məhsullar üzrə nisbi göstəricilər eynidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR