Azərbaycan prezidenti Qəbələ heyvandarlıq-südçülük kompleksinin açılışında iştirak edib - FOTOSESSİYA

Azərbaycan prezidenti Qəbələ heyvandarlıq-südçülük kompleksinin açılışında iştirak edib - <span style="color: red;">FOTOSESSİYA
# 28 fevral 2013 11:45 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev fevralın 28-də Qəbələyə səfəri çərçivəsində heyvandarlıq-südçülük kompleksinin açılışında iştirak edib. “APA-Economics”in məlumatına görə, bildirilib ki, müəssisənin ümumi dəyəri 12,9 milyon manatdır. İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kompleksin inşasına 3 milyon manat güzəştli kredit ayrılıb. Kompleksdə tikinti işlərinin aparılmasına və avadanlıqla təchiz edilməsinə 2011-ci ilin sonunda başlanıb, bu ilin fevral ayında isə işlər tam başa çatdırılıb.

Kompleks sağmal inəklər üçün fermalar, yem təsərrüfatı, avtopark və digər köməkçi sahələrdən ibarətdir.

Sahibkarlıq subyekti tərəfindən hər biri gündəlik 25 litrdən çox südvermə qabiliyyətinə malik 500 baş “Holstein Friesian” cinsindən olan inək gətirilib. Hazırda sağmal heyvanların sayı 660 başa çatdırılıb, onlardan 150 bala alınıb. Gələcəkdə kompleksdə sağmal inəklərin sayının min başa çatdırılması nəzərdə tutulur.

Qeyd olunub ki, bir inəkdən ildə 8 min 500 litr, ümumi fermada isə gündəlik təqribən 15 ton süd sağımı proqnozlaşdırılır. İstehsal olunan süd Qəbələ süd emalı zavoduna göndərilir. Burada “Jalə” brendi ilə ağartı məhsulları istehsal olunur. Kompleks üçün Qəbələ rayonu ərazisində mövcud əkin sahələri hesabına yem təsərrüfatı yaradılıb.

Bütün aqrotexniki normalara riayət etməklə aparılan növbəli əkin hesabına müəssisənin yemə olan tələbatı tam ödənilir.

Diqqətə çatdırılıb ki, layihənin icrası nəticəsində 95 nəfər iş yeri ilə təmin olunub.

Dövlət başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR