Qadın məhkumlar üçün bizneslə bağlı treninqlər keçirilib

Qadın məhkumlar üçün bizneslə bağlı treninqlər keçirilib
# 16 oktyabr 2012 08:36 (UTC +04:00)
Bakı – APA-Economics. İqtisadi İnkişaf Nazirliyinin (İİN) və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin dəstəyi, Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə 4 saylı cəzaçəkmə müəssisəsində “Biznes planların və investisiya layihələrinin hazırlanması”, “Biznesin əsasları, təşkili və idarə edilməsi” mövzularında treninqlər keçirilmişdir.

İİN-dən “APA-Economics”ə verilən xəbərə görə, tədbirdə nazirliyin Bakı Biznes Tədris Mərkəzinin, Penitensiar Xidmətinin, 4 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları, eləcə də azadlıqdan məhkum edilmiş qadınlar iştirak edib.

“Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planına uyğun olaraq keçirilən tədbirdə iştirakçılara biznesin mahiyyəti, biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, marketinq tədbirləri, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumat verilib, “Biznes planların və investisiya layihələrinin hazırlanması”, “Biznesin əsasları, təşkili və idarə edilməsi” mövzularında təqdimatlar keçirilib.

Tədbirdə həmçinin İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər və onlardan istifadə qaydalar, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və s. barədə məlumat da iştirakçıların diqqətinə çatdırılıb.

Treninqlər çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris-metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR