Mətbuat Şurası «Media və Azərbaycan ədəbi dilinin qorunması» mövzusunda dəyirmi masa keçirib

Mətbuat Şurası «Media və Azərbaycan ədəbi dilinin qorunması» mövzusunda dəyirmi masa keçirib
# 15 oktyabr 2012 16:46 (UTC +04:00)
Bakı – APA. Bu gün Mətbuat Şurasında şuranın Azərbaycan prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı «Media və ana dilindən istifadə xüsusiyyətləri» adlı layihəsi çərçivəsində «Media və Azərbaycan ədəbi dilinin qorunması» mövzusunda dəyirmi masa keçirilib.

Şuradan APA-ya veriən məlumata görə, tədbiri giriş sözü ilə aça MŞ sədri Əflatun Amaşov layihənin konkret məqsəd və vəzifələri haqqında söz açıb. O bildirib ki, mediamızın ana dilindən istifadəsində meydana çıxan problemlər hələ də aktuallığını qorumaqdadır.

Layihə üzrə yaradılmış monitorinq qrupunun rəhbəri, «Xalq qəzeti»nin şöbə müdiri İlham Abbasov çıxışında monitorinqin nəticəsi olaraq meydana çıxmış konkret meyllər barəsində söz açıb. O, ümumi nəzərə çarpan cəhət kimi diqqəti rəsmi qəzetlərdə dil və üslub səhvlərinin nisbətən azlığına yönəldib. İ.Abbasov bunun səbəbi kimi təkcə peşəkarlıq amilini deyil, ümumən qəzetçilik texnologiyasına yanaşmanı vurğulayıb: «Bizim nəzərə çatdırdıqlarımız tövsiyə xarakterlidir. Amma dilimizin qorunması mütləq məsələdir. Ona görə də hesab edirəm ki, bu mövzuda diskussiyalar açılmalıdır. Ötən il «kulis.az» saytında çox gözəl müzakirələr getdi. Bu müzakirələr daim gündəmdə qaldıqca səhvlər də azalacaq».

Milli Məclisin deputatı, MŞ-nin Dil komissiyasının sədri, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, «Ədalət» qəzetinin baş redaktoru İradə Tuncay, «Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Cahangir Məmmədli, «Ekspress» qəzetinin baş redaktoru Qəzənfər Bayramov, «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu, MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, «Assa irada» İnformasiya Agentliyinin baş direktoru Fazil Abbasov, «Zaman Azərbaycan» qəzetinin baş redaktoru Süleyman Ünal və «Olimpiya dünyası» qəzetinin baş redaktor müavini Aslan Şirəliyev məruzədə dilimizin norma və prinsiplərinin pozulması ilə bağlı səslənmiş fikirlərə diqqət çəkərək, mövcud vəziyyətdən çıxış yolunun müəyyənləşdirilməsi üçün effektiv təsir mexanizminin yaradılmasının vacibliyini vurğulayıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR