Bank Of Baku

Bakıda Dördüncü İqlim Həftəsi çərçivəsində növbəti panel keçirilib

Bakıda Dördüncü İqlim Həftəsi çərçivəsində növbəti panel keçirilib
# 10 sentyabr 2026 10:18 (UTC +04:00)

Bakıda Azərbaycan Respublikasının ev sahibliyi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi çərçivəsində “Hədəflərdən icraya: Qlobal əməkdaşlıq vasitəsilə iqlimə müsbət təsir göstərən binaların inkişafının sürətləndirilməsi” mövzusunda panel müzakirəsi keçirilib.

APA xəbər verir ki, paneldə Türkiyə, Avstraliya və Somalidən olan nümayəndələr binaların enerji səmərəliliyinin artırılması, iqlimə davamlı şəhər inkişafı, tikinti standartları və maliyyələşdirmə mexanizmləri ilə bağlı təcrübələrini bölüşüblər.

Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişmələri Nazirliyinin İqlim Dəyişmələri Baş İdarəsinin direktor müavini Tuğba Dinçbaş bildirib ki, Türkiyə iqlimə davamlı şəhər inkişafı üçün yeni yanaşmalar üzərində işləyir. Onun sözlərinə görə, sürətli urbanizasiya, artan enerji tələbatı, ekstremal istilər və daşqınlar şəhər infrastrukturu və icmalar üzərində təzyiqi artırır. Dinçbaş enerji səmərəli və iqlimə davamlı binaların, maliyyəyə çıxışın və milli iqlim hədəfləri ilə yerli icra arasında əlaqələrin gücləndirilməsinin Türkiyənin əsas prioritetləri sırasında olduğunu qeyd edib.

O bildirib ki, COP31 Sədrliyi 2025-ci ilin baza göstəricisi ilə müqayisədə 2035-ci ilə qədər binaların enerji intensivliyinin ən azı 20 faiz azaldılmasını nəzərdə tutan qlobal ambisiya təklif edir. Eyni zamanda, “35-dən 35-ə” qlobal elektrik enerjisinə keçid məqsədi çərçivəsində 2035-ci ilə qədər ümumi son enerji tələbatında elektrik enerjisinin payının 35 faizə çatdırılması hədəflənir.

Avstraliyanın İqlim Dəyişikliyi, Enerji, Ətraf Mühit və Su Departamentinin Yaşıl Sənayeləşmə və İqlim Təşəbbüsləri üzrə direktoru Sebastian Salter isə ölkəsində binaların enerji səmərəliliyinin artırılması üçün üç əsas istiqamətə diqqət yetirildiyini deyib. Bunlara binaların enerji göstəricilərinin açıqlanması, tikinti standartlarının müəyyənləşdirilməsi və maliyyələşdirmə mexanizmləri daxildir.

Salter qeyd edib ki, Avstraliyanın Milli Tikinti Məcəlləsi yeni binaların və əsaslı təmir edilən mövcud binaların müəyyən edilmiş enerji səmərəliliyi standartlarına cavab verməsini tələb edir. O bildirib ki, enerji reytinqi sisteminin tətbiqi nəticəsində binaların enerji tələbatı 12 il ərzində 44 faizdən çox azalıb.

Avstraliyalı nümayəndə həmçinin icarəyə verilən binalarda əmlak sahibinin enerji səmərəliliyinin artırılması üçün xərc çəkməsi, lakin əsas faydanı kirayəçinin əldə etməsi ilə bağlı “maraqların uyğunsuzluğu” probleminə diqqət çəkib. Onun sözlərinə görə, bu problemin həlli üçün maliyyə mexanizmləri və enerji reytinq sistemlərindən istifadə olunur. Salter əlavə edib ki, Avstraliyada ev təsərrüfatlarının enerji yenilənmələrini dəstəkləmək üçün 1 milyard Avstraliya dolları həcmində fond yaradılıb.

Somalinin Milli İqlim Maliyyələşdirməsi üzrə Koordinatoru, Paris Sazişinin 6-cı maddəsi üzrə Təyin olunmuş Milli Orqanının (DNA) nümayəndəsi və Milli Gender və İqlim üzrə əlaqələndiricisi Ayan Harare isə düzgün potensialın gücləndirilməsi, güzəştli maliyyələşdirmə və özəl investisiyaların birləşdirilməsinin Somalidə enerji səmərəli və iqlimə davamlı binaların inkişafına imkan verəcəyini bildirib.

Harare vurğulayıb ki, bu yanaşma yalnız binaların enerji səmərəliliyinin artırılmasına deyil, həm də Somalinin daha geniş bərpa və inkişaf məqsədlərinə töhfə verə bilər. O, bu istiqamətdə müxtəlif təşkilatlarla əməkdaşlığa hazır olduqlarını qeyd edib.

Panel müzakirəsi digər natiqlərin çıxışları ilə davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR