Azərbaycanın ev sahibliyi ilə keçirilən Ümumdünya Ətraf Mühit Gününə (WED) həsr olunmuş beynəlxalq tədbir çərçivəsində “Xəzər dənizi yolayrıcında: Dəniz səviyyəsinin enməsi və regional fəaliyyət üzrə elm-siyasət dialoqu” panel sessiyası keçirilib.
APA xəbər verir ki, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev çıxışında Xəzər dənizinin səviyyəsinin enməsi ilə bağlı narahatlığını bölüşüb.
“Qarşıdakı dövrdə elmi araşdırmaların, müşahidələrin və məlumat mübadiləsinin gücləndirilməsi, həmçinin Xəzəryanı dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan bundan sonra da Xəzərlə bağlı məsələlərdə dialoqu, əməkdaşlığı və birgə fəaliyyəti dəstəkləyəcək. İnanırıq ki, elmə əsaslanan yanaşma və qarşılıqlı etimad Xəzərin gələcəyi ilə bağlı ortaq həllərin tapılmasına kömək edəcək. Xəzər dənizi bizi birləşdirən ortaq sərvətdir”, - nazir müavini əlavə edib.
Daha sonra panel sessiya ekspertlərin və elm adamlarının çıxışları ilə davam edib.
İqlim dəyişmələri üzrə ekserpt Rövşən Abbasov Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin çay axınlarından asılı olduğunu qeyd edib: “Çayların axını dəyişdikcə dənizin səviyyəsi də dəyişir. Son yüz il ərzində dənizin səviyyəsi ciddi şəkildə dəyişib. 1995-ci ildən sonra dəniz səviyyəsində azalma müşahidə olunur. Bu azalma Xəzər hövzəsində baş verən müxtəlif amillərlə əlaqədardır. Əsas səbəb çaylardan gələn suyun azalmasıdır”.
“İDEA İctimai Birliyi”nin Xəzər dənizi üzrə tədqiqatlar eksperti Elnur Səfərov diqqətə çatdırıb ki, meteoroloji stansiyaların əhatə dairəsi olduqca məhduddur: “Xəzərdə baş verən dəyişiklikləri tam anlamaq üçün bu məlumatlar kifayət etmir. Müvafiq qanunvericilik mövcud olsa da həm Rusiya, həm də Azərbaycan tərəfindən fərqli yanaşmalar tətbiq olunur. Bəzən bu yanaşmalar arasında fikir ayrılıqları da yaranır. Peyk müşahidələri mövcuddur və daha dəqiq nəticələr əldə etmək üçün müxtəlif mənbələrdən gələn məlumatların inteqrasiyası vacibdir. Data sistemlərində müəyyən yenilənmələrə ehtiyac var”.
Panel sessiyasında çıxış edən Lids Universitetindən Simon Goodman Xəzər dənizinin səviyyəsinin enməsi ilə bağlı həyəcan təbili çalıb və bildirib ki, suyun səviyyəsinin belə enməsi potensial olaraq faciəvi nəticələr verə bilər: “Ən nikbin ssenaridə belə dəniz səviyyəsinin 5–8 metr enəcəyini nəzərə alsaq, bu, mühüm yaşayış mühitlərində və ekoloji baxımdan əhəmiyyətli ərazilərdə çox böyük itkilərə səbəb ola bilər. Dəniz səviyyəsinin 5 metr enməsi halında, mövcud 15 ekoloji və bioloji cəhətdən əhəmiyyətli ərazilərin 7-si öz sahəsinin 50 faizdən çoxunu itirə bilər, onlardan 4-ü isə tamamilə yox ola bilər”.
Ümumdünya Səhiyyə Təşkilatının iqlim və sağlamlıq üzrə xüsusi nümayəndəsi Robb Butler diqqətə çatdırıb ki, Xəzər dənizinin vəziyyəti birbaşa onun ətrafında yaşayan bütün insanların və canlıların vəziyyətinə təsir göstərir: "Hazırda dəniz səviyyəsinin azalmasının, həm su həcminin, həm də suyun keyfiyyətinin dəyişməsinin insan sağlamlığına təsiri ilə bağlı sistemli şəkildə toplanmış və qiymətləndirilmiş məlumatlarımız yoxdur. Məhz buna görə də biz Azərbaycanda IDEA İctimai Birliyi və Azərbaycanın Səhiyyə Nazirliyi ilə ətraf mühitə və insan sağlamlığına təsirlərin sistemli şəkildə qiymətləndirilməsi istiqamətində müzakirələrə başlamışıq".
Rusiyanın Təbii Sərvətlər və Ətraf Mühit Nazirliyinin Beynəlxalq Əməkdaşlıq və İqlim Dəyişikliyi Departamentinin şöbə müdiri Natalia Tretyakova təxminən 30 ildir Xəzər dənizinin mühafizəsi ilə məşğul olduğunu qeyd edib: “Bu müddət ərzində müxtəlif mexanizmlər və əməkdaşlıq platformaları formalaşdırılıb. İkitərəfli sazişlərlə yanaşı, müxtəlif istiqamətlərdə — hidrometeoroloji monitorinq, canlı dəniz resurslarının qorunması və elmi əməkdaşlıq sahələrində də fəaliyyət mövcuddur. Rusiya Xəzərdə su səviyyəsinin dəyişməsi məsələsinə xüsusi önəm verir. Hazırda su səviyyəsinin dəyişməsinin səbəblərinin araşdırılması üzrə layihə həyata keçirilir”.
Azərbaycan Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) şöbə müdiri Rafiq Verdiyev görə, təhlillər göstərir ki, keçən il temperatur artımı baş verib: "Temperaturun artması buxarlanma və çay axınlarının azalması təbii olaraq Xəzər dənizi səviyyəsinin enməsinə səbəb olur. Vəziyyət yaxşı deyil. Azərbaycanda, məsələn, sahil zonamızda ekoloji problem, biomüxtəliflik problemi, həmçinin sənaye problemləri görürük. Məsələn, gəmilər sahilə, dənizkənarı ərazilərə yaxınlaşa bilmir və bu da müəyyən çətinliklər yaradır. Dəniz səviyyəsinin bir neçə metr enməsi daha da mürəkkəb vəziyyətə gətirib çıxara bilər. Vəziyyət ondan ibarətdir ki, biz təsir altındayıq. Biz iqlim dəyişikliyindən təsirlənirik, dəniz səviyyəsinin enməsindən təsirlənirik".
Panel sessiyası sual-cavab və müzakirələrlə davam etdirilib.