Ümumdünya Ətraf Mühit Günü (WED) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) birgə təşkilatçılığı ilə “Metanın azaldılması üzrə birgə fəaliyyət: kənd təsərrüfatı, enerji və tullantılar üzrə həllər” mövzusunda yan tədbir təşkil edilib.
APA xəbər verir ki, çıxışlarda metan emissiyalarının azaldılmasının iqlim dəyişikliyi ilə mübarizədə mühüm əhəmiyyət daşıdığı vurğulanıb, bu istiqamətdə görülən işlər barədə məlumat verilib.
Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) İcraçı Direktoru xanım İnqer Andersen bildirib ki, yaxın zamanda qlobal temperaturun 1,5°C artım həddinə çatma riski ciddi şəkildə gündəmdədir:
“Metan emissiyalarının azaldılması ilə bağlı vəziyyət kritik olaraq qalır. Qlobal metan öhdəlikləri və 2050-ci ilədək temperaturun 2,5°C-ə qədər yüksəlmə ssenarisi böyük narahatlıq doğurur. Bu proseslər ictimai səhiyyəyə, kənd təsərrüfatına və xüsusilə uşaqlar arasında tənəffüs xəstəliklərinin artmasına ciddi təsir göstərir. Metan emissiyaları kənd təsərrüfatına ən çox zərər vuran amillərdən biridir. Lakin bu emissiyaların azaldılması ilə təxminən 330 milyard dollar qənaət etmək mümkündür”.
Qeyd edilib ki, Azərbaycanda regional orqanik tullantıların idarə olunması və emal sistemlərinin genişləndirilməsi də nəzərdə tutulur.
Serbiyanın ətraf mühitin mühafizəsi naziri Sara Pavkov deyib ki, mövcud texnologiyalar vasitəsilə neft, qaz və metan emissiyalarının təxminən 75%-nin qarşısını almaq mümkündür və bu, hətta bəzi hallarda əlavə gəlir gətirə bilər.
“Təxminən 100 ölkə milli metan fəaliyyət planlarını artıq hazırlayıb və ya hazırlamaqdadır”, - o əlavə edib.
Serbiyalı nazir Azərbaycanın liderliyinə xüsusi diqqət çəkib: “Regional Üzvi Tullantılar Bəyannaməsinin qəbul olunması və hazırda həyata keçirilməsi mühüm addımdır. Bu təşəbbüs UNEP tərəfindən dəstəklənən sürətləndirmə planıdır və neft-qaz sektorunda konkret fəaliyyətləri təşviq edir. Buraya Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Neft və Qaz üzrə Metan Tərəfdaşlığında fəal iştirakı da daxildir. Biz daha çox iş görməli və bunu daha sürətlə etməliyik”.
Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə diqqətə çatdırıb ki, Azərbaycan metan emissiyalarının azaldılması istiqamətində beynəlxalq öhdəliklərini ardıcıl şəkildə yerinə yetirir: “Ölkənin yenilənmiş milli iqlim sənədlərində istixana qazı emissiyalarının azaldılması, enerji səmərəliliyinin artırılması, metan itkilərinin minimuma endirilməsi və bərpa olunan enerji mənbələrinin payının genişləndirilməsi əsas hədəflər kimi müəyyən edilib”.
Nazir müavininin sözlərinə görə, Azərbaycan 1990–2022-ci illər ərzində ümumi metan emissiyalarını 12,5 faiz azaldıb. Eyni zamanda, iqtisadi artım davam etdiyi halda metan emissiyalarının payı son illərdə sabit qalıb: “COP29-a sədrliyi çərçivəsində Azərbaycan qlobal iqlim fəaliyyətini dəstəkləmək məqsədilə 14 təşəbbüs irəli sürüb”.
Enerji sektorunda isə SOCAR-ın Neft və Qazın Dekarbonizasiyası Xartiyasına və Neft və Qaz üzrə Metan Tərəfdaşlığı 2.0-a qoşulduğu diqqətə çatdırılıb. Bu çərçivədə 2050-ci ilə qədər əməliyyat emissiyalarında xalis sıfır səviyyəsinə nail olunması, 2030-cu ilə qədər adi məşəl yandırılmasının dayandırılması və 2035-ci ilə qədər metan emissiyalarının minimuma endirilməsi hədəflənir.
Daha sonra “Milli birgə fəaliyyətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda panel sessiyası təşkil olunub. Sessiyada metan emissiyalarının azaldılması istiqamətində görülən işlər, bu sahədə birgə fəaliyyətin və beynəlxalq əməkdaşlığın gücləndirilməsi imkanları müzakirə olunub.